Qərbi Azərbaycan İcması Fransa Senatının sədri Jerar Larşenin Fransa hökumətini Ermənistana əlavə silahlar verməyə çağıran son çağırışını qətiyyətlə pisləyir. Ermənistanın beynəlxalq hüququn pozulması üzrə bədnam tarixçəsini nəzərə alsaq, belə bir addımın olduqca zərərli olacağı şübhə doğurmur. Biz hesab edirik ki, Ermənistanın kütləvi silahlanma proqramına əlavə dəstəyin göstərilməsi yalnız gərginliyi artıracaq və regionda sülh və sabitlik perspektivlərinə mane olacaq.
Ermənistanın özünü hərbi baxımdan üstün hesab etdiyi zaman qonşusu Azərbaycana qarşı aqressiv davranmaq, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətmək tarixçəsi var. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistan bütün azərbaycanlıları öz ərazisindən etnik təmizləməyə məruz qoyub, Azərbaycana silahlı hücum edərək onun ərazisinin böyük bir hissəsini qanunsuz olaraq işğal edib. Bu işğal yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulmasına, işğal dövründə azərbaycanlı yaşayış məntəqələrinin və mədəni irsinin demək olar ki, hamısının dağıdılmasına səbəb olub. Əksəriyyəti mülki şəxslər olmaqla 20 mindən çox azərbaycanlı Ermənistan ordusu tərəfindən öldürülüb. 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməkdən imtina etmiş və Azərbaycana qarşı 2020-ci ildə başlatdığı növbəti genişmiqyaslı istilasının uğursuzluğa düçar olması və müharibədə məğlub edilməsinə qədər həmin əraziləri işğal altında saxlamışdı.
Ermənistan Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən öz qoşunlarının qalan hissəsini çıxarmaqdan imtina edərək beynəlxalq normalara məhəl qoymamaqda davam edir. Ermənistan həmçinin sərhəd bölgəsində səkkiz Azərbaycan kəndinin hərbi işğalını davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü pozur və sülh prosesinə ciddi xələl gətirir.
Ermənistanın niyyətləri dərin narahatlıq doğurur. Ermənistana əlavə silahların verilməsi bu ölkənin aqressiv iddialarını güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq.
Onu da vurğulamalıyıq ki, Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar artıq regionda sabitliyə mənfi təsir edib və sülh prosesini çətinləşdirib. Ermənistana əlavə silahlar vermək Fransa tərəfindən son dərəcə məsuliyyətsiz olardı və ata-baba torpaqlarımıza qayıtmaq hüququmuzu həyata keçirməkdə İcmamızın üzləşdiyi çətinliyi artırardı. Daha militarist Ermənistan evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmaq kimi insan hüquqlarımıza hörmət etməyə daha az istəkli olardı.
Buna görə də, biz Fransa hökumətini mövcud hərbi-texniki müqavilələr üçün vermiş olduğu ixrac lisenziyalarını dərhal ləğv etməyə, Ermənistana əlavə silah ixracatına icazə verməkdən çəkinməyə çağırırıq. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməsini, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini, bizim təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququmuzun reallaşmasına imkan yaratmasını təmin etməklə beynəlxalq sülh və təhlükəsizliyi təşviq etmək kimi məsuliyyəti var. Təcavüzkar və müharibə tərəfdarı olan Ermənistanı külli miqdarda silahla təmin etmək Fransanın üzərinə düşən beynəlxalq məsuliyyətə uyğun gəlmir.
Fransa bizim təhlükəsiz və ləyaqətli qayıtmağımızı fəal şəkildə dəstəkləməli və müdafiə etməli və bu məsələ ilə bağlı konstruktiv dialoq çağırışlarımıza Ermənistanın operativ və effektiv cavab verməsini təmin etmək üçün tədbirlər görməlidir.