Xəbərlər

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin çıxışı
30 oktyabr 2025, 09:47

27 oktyabr 2025-ci il tarixində Brüssel şəhərində "Beynəlxalq hüquqda qayıdış hüququ" mövzusunda keçirilən beynəlxalq konfransda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı olaraq etdiyim çıxışın mətni:

Hörmətli tədbir iştirakçıları,

Hörmətli xanımlar və cənablar.

Qərbi Azərbaycan İcması Ermənistan ərazisindən mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən ictimai təşkilatdır. Onun fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir.

Bu təşkilat 1987-1988-ci illərdə – Qarabağ münaqişəsinin ilk mərhələsində Ermənistandakı ata-baba yurdundan sonuncu adamına qədər qovulan 300 minlik azərbaycanlı qaçqının sosial problemlərini həll etmək üçün 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil olunmuşdur.

Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət İcmamızın daim diqqət mərkəzindədir. Çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılmışdır.

İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, nə təşkilatın adı, nə də fəaliyyəti Ermənistana qarşı ərazi iddiası anlamına gəlmir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələdə daim nümayiş etdirdiyi prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə İcmanın inzibati binasını ziyarəti, orada etdiyi proqram xarakterli tarixi çıxışı Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına sülh yolu ilə qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsi İcmanın fəaliyyətinə yeni təkan vermişdir.

Ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətləri son 100 ildə bütün hüdudları aşmışdır. Əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, ən sonda 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilmişdir.

Təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 400-dən artıq insanımız bədən xəsarəti almışdır. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün – 37 ildən sonra həmin ziyanın məbləği 10 milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil.

Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir.

Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkir, tarixi abidələr dağıdılır, qəbiristanlıqlar məhv edilir, mənəvi mühitlər yoxa çıxır. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik.

Bütün bunlara baxmayaraq, İcmamız bölgəyə sülhün, əmin-amanlığın gəlməsi xatirinə barışıq yolunu tutmuş, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh və birgəyaşayış dəyərlərinə hörmət edərək Ermənistan hökuməti ilə dialoq üçün dəfələrlə təklif göndərmişdir. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir.

Bununla belə, bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, Azərbaycanla Ermənistan arasında Sülh sazişinin paraflanması, nəhayət, bölgəyə sülhün gəlməsinə inamı artırmışdır. Biz, Qərbi Azərbaycan İcması olaraq, dövlət başçısının dialoq səylərini alqışlayır və bu danışıqlara öz doğma ocaqlarımıza qayıdış üçün açılan qapı kimi baxırıq. Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə bizim doğulub boya-başa çatdığımız ərazilərə sülh yolu ilə qayıdış hüququmuzun tanınmasından və təmin edilməsindən keçir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcəkdir. Bütün beynəlxalq gücləri və təşkilatları da bizim bu haqq işimizi dəstəkləməyə çağırırıq.

Diqqətinizə görə təşəkkür edirəm.