Dekabrın 28-də Qərbi Azərbaycan İcmasının inzibati binasında 2024-cü ildə Qərbi Azərbaycan İcması ilə fəal əməkdaşlıq etmiş gənclərlə ilin yekunlarına dair hesabat görüşü keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov 2024-cü ildə Qərbi Azərbaycan İcması ilə fəal əməkdaşlıq etmiş gənclərin fəaliyyətindən və Qərbi Azərbaycanla bağlı keçirilən layihələrdən danışıb.
Sonra çıxış edən İcmanın İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən gənclərin milli irsin qorunmasında oynadığı mühüm rola diqqət çəkib. O, Qərbi Azərbaycana qayıdış prosesində gənclərin fəal iştirakının zəruriliyini vurğulayıb və qeyd edib ki, bu məqsəd uğrunda gənclərin maariflənməsi və onların təşkilatlanması böyük əhəmiyyət daşıyır.
Daha sonra Qərbi Azərbaycan İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquluyev çıxışında il ərzində rayonlar üzrə gənclərin məsul şəxslərinin seçilməsindən, “Qərbi Azərbaycan Kuboku” minifutbol turnirindən, Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində Qərbi azərbaycanla bağlı həqiqətlərin tanıdılmasından, 5–6 Dekabr 2024-cü il tarixlərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransında gənclərin mühüm rolundan danışıb.
Çıxışın ardınca Qərbi Azərbaycan İcması ilə fəal əməkdaşlıq etmiş gənclərin İcmanın tədbirlərində göstərdikləri dəstəyi əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə gənclərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir, gənclərin sualları və gələcək layihələrlə bağlı təkliflərinin müzakirəsi ilə yekunlaşıb.