Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşəbbüsü ilə “Qayıdış Konsepsiyasının həyata keçirilməsində Qərbi Azərbaycandan olan qadın QHT və media təmsilçilərinin rolu” mövzusunda iclas keçirilib. İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı xanımları salamlayaraq əvvəlcə 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən ali mükafata layiq görülən tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Telli Pənahqızını təbrik edib. Şura sədri iclasın məqsədinin layihələrində Qərbi Azərbaycan həqiqətlərinin təbliğatına yer verən qadın QHT rəhbərlərinə dəstək, habelə media işçilərinin bir araya toplanması olduğunu bildirib. Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirib ki, QHT-lərin icma ilə əməkdaşlığı müsbət haldır. Öz layihələrində Qərbi Azərbaycan məsələsinə yer ayıran QHT-lərə İcma tərəfindən lazımi dəstəyin göstərilməkdə olduğunu vurğulayan sədr tədbir iştirakçılarını sıx əməkdaşlığa dəvət etdi. İclasda bir sıra QHT rəhbərlərinin təklifləri dinlənildi. Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Aşıq Pəri Məclisi” Ozan sənətinin təbliği İB-nin sədri Pərvanə Mustafayeva, “Kainat” Milli-mənəvi dəyərlərin Təbliğinə Dəstək İB-nin sədri Fəridə Səfiyeva, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadənin təklifləri yüksək qiymətləndirildi, gələcək əməkdaşlıq üçün yol xəritəsi müəyyən olundu.