Xəbərlər

Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində məlumatlandırıcı sessiya Şamaxı rayonunda təşkil edilib
01 iyun 2024, 09:53

Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiya mayın 31-də Şamaxı rayonunda təşkil edilib.

Görüş iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə tədbirin mahiyyəti və məqsədi haqqında məlumat verərək Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkilindən danışıb.

Tədbirdə çıxış edən QAİ Ağsaqqallar Şurasının üzvü, pedaqogika üzrə elmlər doktoru, professor Həsən Bayramov, QAİ İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və İcmanın gənclərlə iş üzrə məsul əməkdaşı Anar İrzaquluyev Qayıdış konsepsiyasının müddəaları, Qərbi Azərbaycanın İcmasının strukturu və fəaliyyət istiqamətləri, İcma tərəfindən görülən işlərdən danışıb, gənclərin bu mövzuda maarifləndirilməsi və soydaşlarımızın ata-baba yurdlarına qayıtması ilə bağlı həyata keçirilən tədbirlərdə fəal iştiraklarının vacibliyini diqqətə çatdırıblar.

Görüş zamanı Qərbi Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini özündə əks etdirən təqdimat nümayiş etdirilib, gəncləri maraqlandıran suallar müzakirə olunub.

Qeyd edək ki, layihənin məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma yurdlarına qayıtması hüququnun, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə gənclərin məlumatlılığının artırılmasıdır.