Xəbərlər

Qərbi Azərbaycan İcması tərəfindən Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüş və  məlumatlandırma sessiyası keçirilib
05 aprel 2024, 18:15

Qərbi Azərbaycan İcması tərəfindən Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüş və  məlumatlandırma sessiyası keçirilib. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov tədbirin mahiyyəti və məqsədləri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında fəallığının təşviq olunmasının vacibliyi barədə danışıb. Rektor qeyd edib ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən, azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən (kənd, qəsəbə və şəhərdən) 49.928 ailədə 300 min nəfərədək azərbaycanlı ermənilər tərəfindən öz doğma yurdlarından zorla qovulublar. O həmçinin bildirib ki, Qərbi Azərbaycan İcması 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilən İctimai Birliyin hüquqi varisidir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. 

Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov tələbələr qarşısında çıxış edərək tələbə gəncləri Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlandırıb, Qərbi Azərbaycan tarixi, mədəniyyəti, ədəbi-bədii mühiti, coğrafiyası, təbiəti haqda məlumatları paylaşıb, Ermənistan tərəfindən Qərbi Azərbaycandakı türk toponimlərin dəyişdirilməsindən danışıb. Bildirib ki, İcma indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI”nı qəbul edib. Konsepsiyaya görə İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir. Ötən dövr ərzində indiki Ermənistandan zorla qovulmuş əhalinin geriyə qayıdışı ilə bağlı icmanın gördüyü işləri qeyd edən deputat ədalətin bərpa olunacağına inamını ifadə edib. 
Tədbir tələbələrin suallarının cavablandırılması, gənclərin təkliflərinin dinlənilməsi ilə davam edib.