Görüşlər

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirmişdir
25 iyun 2024, 21:30

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirmişdir. Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai və elm xadimlərinin iştirak etdiyi tədbirdə Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ və qaçqınlıq problemləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxış etmişdir. Sədr çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinə vurulmuş zərərlər, İcmanın son bir ildə həyata keçirdiyi tədbirlər haqqında məlumat vermişdir.

Qaçqınlıq və məcburi köçkünlük probleminin davamlı həllinin qayıdış hüququnun təmin edilməsindən keçdiyini qeyd edən sədr bildirmişdir ki, Azərbaycan Respublikası hökumətinin məcburi köçkünlərin geri qayıdışı istiqamətində həyata keçirdiyi irimiqyaslı fəaliyyəti təqdir olunmalıdır. Ə.Ələkbərli vurğulamışdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn aliliyini və yüz minlərlə insanın qayıdış hüququ kimi təməl insan hüququnu təmin etmişdir.

İcmanın sədri Ermənistandan qovulmuş azərbaycanlıların sosial problemlərinin həllinə və onların dinc yolla qayıdış hüququna verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir.

Daha sonra Ermənistanın Karvansara rayonundan qaçqın düşmüş xanım Səfayə Həsənova qaçqınlıq xatirələrini bölüşmüşdür.

Tədbirdə “Qərbi Azərbaycan” televiziya kanalının İcma haqqında hazırladığı sənədli film nümayiş etdirilmişdir.

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunmuşdur. Məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması hər il bu gün münasibətilə tədbir təşkil edir.