Bəyanatlar

Qərbi Azərbaycan İcması vurğulayır ki, Ermənistanın demoqrafik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir
28 oktyabr 2023, 10:29

Məlumdur ki, Ermənistan azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycana qarşı münaqişə başlatması və regionda özünütəcrid siyasəti nəticəsində ciddi demoqrafik böhranla üzləşmişdir.

Bu günlərdə Ermənistan Cenevrədə demoqrafiya mövzusunda keçirilmiş regional konfransda özünün 2023-2040-cı illər üzrə demoqrafiya strategiyasını təqdim etmişdir.

Strategiya Ermənistan hökumətinin etnik ayrı-seçkiliyə əsaslanan irqçi siyasətini bir daha sübut edir. Belə ki, strategiyada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsi yer almır. Sənəddə repatriasiya bir hüquq və dövlətin təşviq etməli olduğu məqsəd kimi ancaq etnik ermənilərə aid edilir. Ciddi demoqrafik böhranla üzləşmiş bir ölkənin oranın qanuni sakinləri olan əhali qrupunun öz evlərinə qayıdışına etnik mənsubiyyət səbəbindən imkan verməməsi onun irqçi siyasətinin göstəricisidir.

Qərbi Azərbaycan İcması vurğulayır ki, Ermənistanın demoqrafik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir. İcma Ermənistan hökumətini sülhü seçməyə, mono-etniklik siyasətindən əl çəkməyə, etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışını təmin etməyə çağırır.