Fevralın 10-da Qərbi Azərbaycan İcmasının inzibati binasında Barana rayon icmasının üzvləri ilə görüş keçirilib.
İclası giriş sözü ilə açan Barana rayon İcmasının sədri Osman Hacıyev tədbir iştirakçılarını salamlayaraq Barana rayon İcmasının bugünə qədərki fəaliyyəti, kənd icmalarının formalaşması və digər təşkilatı məsələlər barədə hesabatını təqdim edib.
Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə söz verilib.
Sədr bildirib ki, yerli icmaların məqsədi Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirməkdir. Əziz Ələkbərli, digər rayon və kənd icmaları kimi Barana icmasının üzvləri də ata-baba yurdlarımıza – Qərbi Azərbaycana qayıdacaqları günü səbirsizliklə gözlədiyini vurğulayıb.
Sonra Barana rayonundan olan professor Yaşar Qəhrəmanlı, rayonun tarixi və əhalisi barədə danışıb, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin tarixi və nəticələri haqqında məlumat verib.
Körpülü kənd icmasının sədri Vidadi Avdıyev doğma yurd yerləri ilə bağlı xatirələrini və qayıdış ideyasının reallaşdırılmasına dair fikirlərini bölüşüb.
Barana rayon icmasının fəal üzvləri, Milli Müdafiə Universitetinin dosenti, polkovnik Elnur Abdurahmanov, sosiologiya üzrə fəlsəfə doktoru Yaqut Alıyeva, Hidayət Qaracayev, Bilal Ənsər və Şahin Alıyev çıxış edərək rayon icmasının işi ilə bağlı təkliflər səsləndiriblər. Qeyd ediblər ki, tarixi torpaqlarımıza sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışa inanırlar və o günü səbirsizliklə gözləyirlər.