Qərbi Azərbaycan İcmasında “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmada bu cür silsilə tədbirlərin mütəmadi olaraq keçirildiyini deyib.
Bildirilib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışındakı çıxışında İcmanın qarşısında duran vəzifələr barədə geniş məlumat vermişdi. Həmçinin dövlətimizin başçısının tövsiyələri əsasında Qərbi Azərbaycana qayıdış istiqamətində ardıcıl və sistemli iş aparılır.
İcma sədri əlavə edib ki, sovet dövründə Azərbaycan həqiqətlərinin öyrənilib nə xalqımıza, nə də dünya ictimaiyyətinə çatdırılmasına imkan verilmirdi. Amma ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximiz və taleyimiz ilə bağlı həqiqətləri öyrəndik və dünyaya yaya bildik.
Ə.Ələkbərli Azərbaycan həqiqətlərinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsində də diqqət mərkəzində saxlanıldığını bildirib.
Kitabın müəllifi, tarix üzrə elmlər doktoru Vasif Qafarov qeyd edib ki, nəşrdə Batum konfransında (11 may - 4 iyun 1918-ci il) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr və qəbul edilən qərarlar dövrün ilkin arxiv sənədləri əsasında detallı şəkildə araşdırılıb və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətlər üzə çıxarılıb. Kitabda faktlarla sübuta yetirilir ki, İrəvan şəhəri də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verilib.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər və yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın müəllifi Vasif Qafarov 25 yanvar 1982-ci ildə anadan olub. Əmək fəaliyyətinə 2006-cı ildə Qərb Universitetində başlamış, 2007-ci ildən 2010-cu ilədək Azərbaycan Universitetinin “Beynəlxalq hüquq və tarix” kafedrasında müəllim, 2010-2014-cü illərdə “İctimai elmlər” kafedrasına baş müəllim və 2014-2017-ci illərdə dosent vəzifələrində çalışmışdır. Vasif Qafarov həmçinin 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda tarixçi-ekspert vəzifəsində, 2017-ci ilin yanvar-sentyabr aylarında AMEA Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Vasif Qafarov 2013-cü ildən, eyni zamanda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsində yarımştat vahidi üzrə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2017-ci ilin sentyabrından etibarən isə Tarix İnstitutunda adı çəkilən şöbədə tam ştat vahidi üzrə aparıcı elmi işçi vəzifəsində çalışmaqdadır. Tarix İnstitutunda fəaliyyət göstərən elmi seminarın və institutun Gənc alimlər və mütəxəssislər şurasının üzvüdür. Tarix üzrə elmlər doktorudur.