Qərbi Azərbaycandan olan soydaşlarımız öz ata – baba yurdlarına geri qayıtmaq, burda minilliklər boyu yaradılan milli adət - ənənələrimizi, maddi və mədəni irsimizi yaşatmaq amalı uğrunda bir araya gəlməkdə davam edir. Öz doğma torpaqlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq, ata-babalarının məzarlarını ziyarət edə bilmək məqsədilə Qərbi Azərbaycanın rayon və kəndlərini özündə birləşdirən yerli icmaların Qərbi Azərbaycan İcması ətrafında təşkilatlanması istiqamətində aparılan işlər intensivləşməkdədir.
Bu istiqamətdə atılan növbəti addımlardan biri Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonundan olan qaçqınların Qərbi Azərbaycan İcmasının binasında görüşü oldu. Görüşdə Böyük Qarakilsəlilər ermənilər tərəfindən öz doğma torpaqlarından qoparıldıqları ağrılı-acılı 1987-1991-ci illər deportasiyasını xatırladılar, bir neçə gün içərisində öz evlərindən qovulduqlarını, əşyalarını götürməyə belə macal tapmadıqlarını, Vətən və yurd həsrəti ilə dolu məşəqqətli günlərini yada saldılar.
İclasın əvvəlində Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqini, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimində çıxışını əks etdirən video-çarx nümayiş etdirildi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın fəaliyyəti, eləcə də icmanın əsas sənədi olan Qayıdış Konsepsiyasından danışaraq bildirdi ki, Ermənistan tərəfindən ötən əsrdə soydaşlarımıza qarşı dörd dəfə həyata keçirilən sürgün və deportasiyalar tariximizdə kədərli izlər buraxıb. Bu mənfur əməlləri törədən şəxslərin Ermənistanda cəzalandırılmaması, əksinə qəhrəmanlaşdırılması sonda Azərbaycana qarşı ərazi iddiaları ilə nəticələndi. Bu səbəbdəndir ki, Qərbi Azərbaycan əraazilərinin 35 ildən artıq bir dövrü əhatə edən işğalı davam edir. İcmanın İdarə Heyətinin sədri vurğuladı ki, deportasiyalar nəticəsində maddi və mənəvi irsimizə də əsaslı zərər dəydi, Qərbi Azərbaycanda yüzlərlə məscid, qala, karvansara və qəbristanlıqlarımız darmadağın edilərək yer üzündən silindi. Bu vandalizm aktları Böyük Qarakilsədən də yan keçməyib və soydaşlarımızın bu rayondakı izləri tamamilə məhv edilib. Əziz Ələkbərli daha sonra tədbir iştirakçılarına Türkiyədən gəlmiş qonağı - əslən Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan Aziz Kayqısızı təqdim etdi. İcmada olmaqdan məmnunluğunu ifadə edən qonaq bildirdi ki, ata-babaları 19-cu əsrin sonlarında ermənilərin törətdiyi qırğınlar zamanı Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən İqdır, Qars bölgəsinə köç ediblər. Aziz Kayqısız babalarının bəhs etdiyi torpaqları görmək ümidində olduğunu dilə gətirdi.
Daha sonra Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov İcmanın strukturu, eləcə də rayon və kənd icmaları barədə ətraflı məlumat verdi.
Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, BDU-nun professoru Zahid Cəfərov rayonun tarixi və əhalisi barədə danışdı, deportasiya nəticəsində Böyük Qarakilsəlilərin öz ata - baba yurdlarından didərgin düşdüklərini, onlarla soydaşımızın vətən həsrəti ilə dünyasını dəyişdiyini kədərlə dilə gətirdi. Qeyd elədi ki, Qərbi azərbaycanlıların hüquqlarının qorunması məsələsində Böyük Qarakilsəlilər həmişə Azərbaycan dövlətinin qayğısını hiss etmişdir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, bu sahədə sistemli tədbirlər həyata keçirilmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası Hökuməti Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlara sosial-iqtisadi yardımlar göstərmiş, onların dinc və təhlükəsiz şəkildə inkişafını təmin etmiş, hüquqlarının qorunması məsələsini beynəlxalq müstəvidə qaldırmışdır.
Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov və Böyük Qarakilsə rayon icmasının nümayəndələri də çıxış etdilər. Görüşdə çıxış edən şəxslər səsləndirdilər ki, bu gün hər bir Böyük Qarakilsəli bütün Qərbi azərbaycanlılar kimi qayıdışın mütləq baş tutacağına inanır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələdə daim nümayiş etdirdiyi prinsipial mövqedən, xüsusilə 24 dekabr 2022-ci ildə İcmanın inzibati binasını ziyarətindən, orada proqram xarakterli çıxış etməsindən, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsindən ruhlanaraq, onun yürütdüyü uzaqgörən siyasəti tam dəstəkləyərək, dogma torpaqlarına qovuşacaqları günü səbirsizliklə gözləyirlər.