Görüşlər

Qərbi Azərbaycan İcmasında Cəlaloğlu və Hamamlı rayon icmaları nümayəndələri ilə görüş keçirilib
23 sentyabr 2023, 16:57

Sentyabrın 23-də Qərbi Azərbaycan İcmasının inzibati binasında İcmanın Cəlaloğlu və Hamamlı rayonları İcmaları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq İcmanın bugünə qədərki fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiya və qarşıda duran vəzifələr barədə çıxış edib.

O, bildirdi ki, texnika elmləri namizədi, Bakı Dövlət Universitetinin İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Ramazanlı Nəbi Əhməd oğlu Cəlaloğlu və Hamamlı rayonları üzrə İcma sədri seçilmişdir.

Daha sonra çıxış üçün söz Cəlaloğlu və Hamamlı rayonları üzrə İcma sədri Nəbi Ramazanlıya verilmişdir. O, Cəlaloğlu və Hamamlı rayonları üzrə İcma sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirmiş, sözügedən rayonların tarixi, görkəmli şəxsiyyətləri, əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat vermişdir.

Daha sonra görüşdə Cəlaloğlu və Hamamlı rayonları üzrə İcmanın formalaşması məsələsinə baxılmış, müzakirələrdə İcmanın Bakının Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyev, İcmanın Loru Pəmbək mahalı üzrə koordinatoru Fərhad Qəmbərov, telejurnalist, doktorant Fəxriyyə Lilpar, Azərbaycan Dillər Universitetinin rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanov, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri professor, əczaçılıq elmləri doktoru, əməkdar müəllim Məhbubə Vəliyeva, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, Dosent Cəlal İsayev və başqaları çıxış edərək Nəbi müəllimi İcmanın sədri seçilməsi münasibəti ilə təbrik edib və öz təkliflərini veriblər. İcmanın qarşısında üzərinə düşən işlərin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.