Qərbi Azərbaycan İcmasında Çəmbərək rayon icmasının üzvləri ilə görüş keçirilib
Oktyabrın 17-də Qərbi Azərbaycan İcmasında Çəmbərək rayon icmasının üzvləri ilə görüş keçirilib.
İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İH-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Azərbaycanın ay-ulduzlu bayrağının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılması münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və İcmanın bu günə qədərki fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə məlumat verib.
Sədr bildirib ki, Çəmbərək rayonu üzrə icmanın sədri, bu rayonun Cil kəndinin yetirməsi, Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının keçmiş Maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərov təyin olunub.
Sonra çıxış edən QAİ Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon icmasının sədri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov İcma sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib və rayon icmasının gündəliyini açıqlayıb.
Gündəlikdə Çəmbərək rayon İcmasının təşkilatlanma məsələlərinin başa çatdırılması, kəndlər üzrə icma sədrlərinin müəyyənləşdirilməsi, 1987-1991-ci ildə Çəmbərək rayonundan deportasiya olunmuş şəxslərin siyahılarının tamamlanması ilə bağlı görülən işlərin müzakirəsi məsələlərinə baxılıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının İH-nin üzvü, filologiya elmləri doktoru, professor, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri İbrahim Bayramov, Ağsaqallar Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Pedaqogika elmləri doktoru Həsən Bayramov, Ağsaqallar Şurasının üzvü Mahal Əliyev, həkim Razim Hacıyev, Qəyyumlar Şurasının üzvü Rəşid Süleymanov və keçmiş təhsil işçisi Ağamalıyeva Validə çıxış edərək Rayon icma sədri Əvəz Ələkbərovu təbrik edib və öz təkliflərini bildirib, bundan sonra da icmanın üzərlərinə düşən işlərin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.