Görüşlər

Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16 mart 2024, 16:15

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov təşkilatlanma istiqamətində çox mühüm əhəmiyyət daşıyan bu toplantıda gəncləri salamlayıb və tədbiri açıq elan etmək üçün sözü Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verib.  

İdarə Heyətinin sədri Əziz Ələkbərli ötən əsr ərzində Qərbi azərbaycanlıların yaşadıqları deportasiyaları xatırladıb, onların bu gün öz doğma yurdlarına geri qayıdış uğrunda əzmlə mübarizə apardığını vurğulayıb.  Sədr bu həqiqətlərin geniş yayılması, tarixi ədalətin öz yerini tapması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması uğrunda gənclərin icmaya öz dəstəklərini ifadə etməsi və təşkilatın ətrafında birləşməsini yüksək dəyərləndirib.

Daha sonra çıxış edən Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun çox böyük əhəmiyyət daşıdığını, bununla bağlı onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Şuranın üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək gənclərin doğma torpaqlarımıza qayıdış uğrunda görülən işlərin mühüm komponenti olduğunu, İcma tərəfindən həyata keçirilən tədbirlər və layihələrdə iştiraklarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində öz evlərinə qayıtmaq düşüncəsi ilə yaşayır və o günün gələcəyinə inanırlar.

Gənclər Şurasının üzvü, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov nitqi zamanı Azərbaycan gəncinin hər zaman fəal olduğunu, irili-xırdalı bütün tədbirlərdə gənclərin təkanverici qüvvəsinin əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Deputat Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəsilə ötürülməsində gənclərin rolunun böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, gənclərlə iş sahəsində öz bilik və təcrübələrini icmanın gənc üzvləri ilə bölüşməyə, onlara fəaliyyət istiqamətləri üzrə konkret dəstək verməyə həmişə hazırdır.

Gənclər Şurasının sədr müavini Amin Tağıyev çıxışında gəncləri bu müqəddəs amal uğurunda və ümummilli məsələdə daha da fəal olmağa çağırıb.

Gənclər Şurasının üzvləri Ramin Həbibzadə, Fariz Cəfərov, Rəna Qafarova, Namiq Muradov, Bayram Aslanov, Ülviyyə Əsgərli, Sevinc Hacıyeva və başqaları öz maraqlı fikir və təkliflərini bildiriblər. Gənclərin sualları ətraflı cavablandırılıb.

Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında aparılan interaktiv fikir mübadiləsi ilə davam edib.