Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 illiyi münasibətilə Televiziyanın əməkdaşları ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan İcmanın aparat rəhbəri Qalib Qasımov əvvəlcə səfərdə olduğu üçün görüşdə iştirak edə bilməyən İcmanın İdarə heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını və təbriklərini televiziyanın heyətinə çatdırdı. Qalib Qasımov bildirdi ki, televiziya yarandığı müddətdən bu yana Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya bir neçə dildə çatdırılması istiqamətində mühüm işlər görüb. Bu gün zəngin veriliş müxtəlifliyi və məzmun rəngarəngliyi ilə Qərbi Azərbaycan Televiziyası mütəmadi olaraq tamaşaçılarının görüşünə gəlir. Aparat rəhbəri televiziyanın işinə könüllü olaraq dəstək verən ziyalılarımıza da dərin təşəkkürünü çatdırdı. Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar çıxışında Qərbi Azərbaycan Televiziyasının yaradılmasının soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdışı istiqamətində aparılan işə, o cümlədən maddi – mədəni irsimizin dağıdılmasına diqqət çəkilməsi məsələlərinə öz töhfəsini verdiyini bildirdi. O, televiziyanın daha əvvəl onlayn şəkildə fəaliyyət göstərdiyini, may ayının 1-də isə Qərbi Azərbaycan Televiziyasının yeni binasının istifadəyə verilməsini xatırlayaraq bütün imkanlarla təchiz olunmuş ofisə görə İcmaya təşəkkürünü bildirdi. Televiziyanın digər əməkdaşları da çıxışlarında fikirlərini bildirirək təkliflərini sələndirdilər, Qərbi Azərbaycan Televiziyasının səsinin soydaşlarımızın öz ata- baba yurdlarına qayıdışından sonra Qərbi Azərbaycandan gəlməsi niyyəti ilə tədbir yekunlaşdı.