11 iyun 2026, 14:07
10 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması və tənzimlənməsi sahəsində beynəlxalq səviyyədə tanınan AI Governance Professional (AIGP) sertifikatı ilə bağlı məlumatlandırma sessiyası keçirilib.
Sessiyaya dövlət strukturkarında çalışan gənc mütəxəssislər, habelə Qərbi Azərbaycan İcmasını təmsil edən gənclər qatılıblar.
Sessiyanı aparan Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədr müavini, millət vəkili Kamal Cəfərov AI Governance Professional (AIGP) sertifikatının mahiyyəti, beynəlxalq əhəmiyyəti, tətbiq imkanları, karyera perspektivləri və sertifikata hazırlıq prosesi barədə iştirakçılara ətraflı məlumat verib. O, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə bu sahədə peşəkar bilik və bacarıqların artırılmasının vacibliyini vurğulayıb, AIGP sertifikatının müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Bakı Oksford Məktəbinin orta məktəb üzrə direktor müavini, ADA Universitetinin müəllimi Rəna Ələsgərova “Süni intellektdən məsuliyyətli istifadə” mövzusunda təqdimatla çıxış edib. O, süni intellektdən istifadə zamanı etik prinsiplər, məsuliyyətli yanaşmalar və bu texnologiyaların təhsil sahəsində tətbiqi ilə bağlı fikirlərini bölüşüb. Təqdimatda süni intellekt alətlərinin tədris prosesində yaratdığı imkanlar, qarşıya çıxan çağırışlar və onların səmərəli idarə olunması məsələlərinə xüsusi diqqət yetirilib.
Sessiyada hüquq və qanunvericilik, komplayens və risklərin idarə edilməsi, strateji planlaşdırma, eləcə də rəqəmsal məhsul inkişafı sahələrində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Tədbir iştirakçıların böyük marağına səbəb olub, süni intellektin müxtəlif sahələrdə tətbiqi, idarə olunması və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Sessiya iştirakçıların ünvanladıqları sualların cavablandırılması və qarşılıqlı maraq doğuran müzakirələrlə yekunlaşıb.