Qərbi Azərbaycan İcmasının 2023-cü ilin birinci yarısına dair fəaliyyəti ilə bağlı məlumat verən İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli əvvəlcə qurumun yaradılması tarixçəsi barədə danışıb. Sədr bildirib ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq yaradılan, ötən il avqustun 3-də Qərbi Azərbaycan İcması olaraq yenidən təşkilatlandırılan İcmanın 6 aylıq fəaliyyətində ən parlaq səhifə 24 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İcmanın binasında bir qrup Qərbi Azərbaycandan olan ziyalı ilə görüşü olub. Ölkə başçısı bu görüş zamanı Qərbi Azərbaycanlıları daha da ruhlandıran çıxışı zamanı həm də İcmanın əsas sənədi olan Qayıdış Konsepsiyasının hazırlanmasına dair fikirlərini səsləndirdi. Bu istiqamətdə dərhal hazırlıqlara başlanıldı və ictimaiyyətin də geniş iştirakı ilə hazırlanan Konsepsiya 26 yanvar 2023-cü il tarixdə qəbul edildi.
Sədr daha sonra İcmanın ölkə daxilində apardığı və beynəlxalq istiqamətdə fəaliyyətinə dair geniş təqdimatla çıxış etdi, keçirilən iclaslara, mühüm tədbirlərə toxundu. Qeyd etdi ki, İcmanın tərkibində Elm komissiyasının yaradılması, bölgələrdə nümayəndəliklərimizin fəaliyyətə başlaması, rayon və kənd icmalarının toplantıları təşkilatlanma prosesində mühüm rol oynayır. Əziz Ələkbərli İcmanın xarici əlaqələrinə toxunaraq BMT-də Qayıdış Konsepsiyamız da daxil olmaqla İcmanın 4 sənədinin bu mötəbər təşkilatın rəsmi sənədi kimi yayılmasını vurğuladı, nüfuzlu beynəlxalq təşkilatlara edilən müraciətlərə, onlardan geri alınan cavablara (UNESCO, Aİ) toxundu, Almaniyanın paytaxtı Berlində İcmanın rəhbər heyəti ilə dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycanlı soydaşlarımızla görüşdən danışdı. Bildirdi ki, beynəlxalq istiqamətdə fəaliyyətimizin əsas məqsədi soydaşlarımızın öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir. Əziz Ələkbərli İcmanın bundan sonra da həm daxili, həm də xarici istiqamətdə intensiv fəaliyyətini davam etdirəcəyini vurğuladı.
Sonra İcma sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu, Müşahidə Şurasının sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, millət vəkili Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahımqızı, Gənclər Birliyinin sədri, millət vəkili Ramin Məmmədov və Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov söz alaraq detallı şəkildə hazırlanmış hesabatı yüksək dəyərləndirdiklərini bildirdilər, Qərbi Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində qarşıda görüləcək işlərə toxundular.