Görüşlər

Qərbi Azərbaycan İcmasında Türk Dövlətləri Mediatorlar Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib
14 noyabr 2025, 17:19

14 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında Türk Dövlətləri Mediatorlar Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə təşkilatın Baş katibi Yusuf Gözel, idarə heyətinin üzvləri, Türkiyənin tanınmış hüquqşünas və vəkilləri Pervin Yıldız, Neriman Karataş, Abdulkadir Güzel, Eda Gunday İrəvanlı, eləcə də Azərbaycan Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Venera Əsgərova iştirak ediblər.

Qərbi Azərbaycan İcmasında qonaqları İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı və İcmanın aparatında şöbə müdiri Faiq Kərimov qarşılayıblar.

Əziz Ələkbərli görüş zamanı qeyd edib ki, Türk Dövlətləri Mediatorlar Təşkilatı ilə qurulan əməkdaşlıq təkcə təşkilati xarakter daşımır, həm də türk dünyasında həmrəyliyi, birliyi və qarşılıqlı etimadı daha da gücləndirir. O vurğuladı ki, bu əməkdaşlıq Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə hüquqi əsaslarla tanıdılmasına mühüm töhfə verəcək.

Məlahət İbrahimqızı bildirib ki, görüş dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin, humanitar həmrəyliyin və ortaq dəyərlərin bariz nümunəsidir. O, qadınların sülh, ədalət, dialoq və ictimai proseslərdə rolunu gücləndirən belə əməkdaşlıqların xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib.

Görüşdə iştirak edən qonaqlar Azərbaycan–Türkiyə dostluğunun bütün sahələrdə nümunəvi şəkildə inkişaf etməsindən məmnunluqla danışıblar. Bildirilib ki, Qərbi Azərbaycan İcması ilə qurulan əlaqələr türk dünyasında hüquqi mədəniyyətin inkişafı, dialoq ənənələrinin güclənməsi və humanitar əməkdaşlığın genişlənməsi baxımından böyük önəm daşıyır.

Görüşdə çıxış edən Qərbi Azərbaycan əsilli, XX əsrin əvvəllərində erməni vandalizmi nəticəsində İrəvandan-öz dədə baba yurdundan məcburi Türkiyəyə köç etmiş və hazırda Türk Dövlətləri Mediatorlar Təşkilatının İdarə Heyətinin üzvü, tanınmış hüquqşünas və vəkil Eda Gunday öz şəcərə və soykökləri barədə məlumatları bölüşərək, Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsində görə biləcəkləri işləri qeyd edib. Ata-babalarının İrəvan quberniyasında, qədim Qərbi Azərbaycan torpaqlarında yaşadıqlarını xatırladan qonaq, həmin yurda olan mənəvi bağlarını xüsusi vurğulayıb. Onun çıxışı görüşdə xüsusi duyğulu və səmimi bir ab-hava yaradıb.

Tərəflər arasında qarşılıqlı əlaqələr, gələcək əməkdaşlıq imkanları və humanitar sahədə birgə təşəbbüslər müzakirə olunub.

Sonda nümayəndə heyətinə Qərbi Azərbaycan İcmasının xatirə hədiyyələri və üzvlük nişanları təqdim olunub.