12 sentyabr 2026, 12:59
Sentyabrın 11-də Qərbi Azərbaycan İcmasında “Vətənpərvər gənclik: Dəyərlər, məsuliyyət və gələcək” mövzusunda görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə baş tutan görüşün əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə və dövlətçilik şüurunun formalaşdırılmasına töhfə vermək olub.
Dəyirmi masa formatında keçirilən tədbirdə AMEA-nın Müxbir üzvi, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və Uşaq Səfirlər Məclisinin üzvləri, fəal və vətənpərvər şagirdlər iştirak ediblər.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra görüş səmimi söhbət və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Gənclərin sualları, onları maraqlandıran məsələlər və gələcəklə bağlı düşüncələri ətrafında geniş müzakirələr aparılıb.
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov gənclərlə söhbət zamanı onların bu gün sahib olduqları imkanların və ölkənin qazandığı uğurların hansı fədakarlıqlar hesabına əldə edildiyini unutmamağın vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda yüz minlərlə insan canından keçib. Professor Azərbaycanın son illərdə dünyada daha çox tanındığını, ölkənin beynəlxalq nüfuzunun yüksəldiyini diqqətə çatdıraraq, bu uğurların davam etdirilməsində gənc nəslin üzərinə mühüm məsuliyyət düşdüyünü qeyd edib. Gənclərə tövsiyələrini bölüşən Misir Mərdanov ali təhsilin vacibliyi ilə yanaşı, daim öz üzərində çalışmağın, müasir dünyanın imkanlarından yararlanmağın zəruriliyini vurğulayıb. O, xüsusilə süni intellektin imkanlarından səmərəli istifadə etməyi, müxtəlif xarici dillər öyrənməyi və dünya ilə ayaqlaşmağı tövsiyə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva gənclərin Azərbaycanın mühüm şəxsləri ilə görüşlərinin onların dünyagörüşünün formalaşması baxımından əhəmiyyətini qeyd edib. O, Misir Mərdanovun balaca bir kənd məktəbində müəllim kimi fəaliyyətə başlayaraq tanınmış alimə çevrilməsinin gənclər üçün dəyərli həyat nümunəsi olduğunu bildirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə gənclərlə söhbət zamanı milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinə sadiqlik və milli yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib. O, vətənpərvər gəncliyin yetişdirilməsinin cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulayıb.
Görüşdə gənclərin tariximiz, milli kimliyimiz, Vətənə bağlılıq, təhsil və gələcək fəaliyyətlə bağlı sualları cavablandırılıb. Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların düşüncələri dinlənilib və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Səmimi ünsiyyət şəraitində keçən görüşdə gənclərin yalnız dinləyici kimi deyil, müzakirələrin fəal iştirakçısı kimi çıxış etməsinə imkan yaradılıb. Qarşılıqlı dialoq formatında keçirilən tədbir gənclərin fikir və təşəbbüslərinin bölüşülməsi baxımından da faydalı olub.
Sonda iştirakçılarla xatirə fotosu çəkilib.









