
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar və Gənclər şuralarının təşəbbüsü ilə ziyalılarla gənclər arasında görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd Qərbi Azərbaycan həqiqətlərinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sahəsində uğur qazanmış, ictimai fəal gənclərin Qərbi Azərbaycana qayıdış hüququ, Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumatlandırılması, gənclərin İcmanın fəaliyyətinə cəlb olunmasıdır. Tədbirin tərəfdaşı Gənclər Fondudur.
Tədbiri giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsində gənclərin rolundan bəhs edib, bildirib ki, ötən əsrlərdə soydaşlarımızın başlarına gətirilən müsibətlər unudulmamalı, tarixdən çıxarılmalı olan dərs kimi nəsildən nəslə ötürülməli, bununla yanaşı ata-baba yurdlarımıza sülh yolu ilə qayıdış prosesində də gənclərimiz öz töhfələrini verməlidir.
Ağsaqqallar Şurasının üzvü, Amasiya icmasının sədri, akademik Abel Məhərrəmov gənclərin ölkəmizin həyatında oynadığı önəmli rolu, torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaət və qəhrəmanlıqları örnək olaraq səsləndirib. Abel Məhərrəmov ümummili məsələmiz olan Qərbi Azərbaycanla bağlı aparılan işlərdə yaxından iştirakının önəmindən bəhs edib.
İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində, eləcə də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayıdış ideyalarının gələcək hədəflərimiz kimi öyrənilməsində gənclərin rolundan danışıb.
Sonra İcmanın digər üzvləri, ölkəmizin ictimai-siyasi və mədəni mühitində tanınmış ziyalılar gənclərin suallarını cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin İcmanın İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, İcmanın İdarə Heyətinin üzvü, professor, ictimai xadim Dilarə Seyidzadə və təhsil sahəsində uğur qazanmış, ictimai fəal gənclər iştirak edib.