Bəyanatlar

Qərbi Azərbaycan İcmasının Bəyanatı
15 avqust 2023, 09:53

Qərbi Azərbaycan İcması bildirir ki, 2023-cü il avqustun 14-də Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya kimi olaraq tələm-tələsik, hətta az qala Ermənistan XİN-ni qabaqlayan açıqlama vermişdir.

30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülmüşlər və konkret olaraq Aİ Missiyası Ermənistanın ruporuna çevrilmişdir.

Qərbi Azərbaycan İcması bildirir ki, Aİ missiyasının patrul apardığı, tez-tez binokla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır. Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir.