Görüşlər

Qərbi Azərbaycan İcmasının fəxri üzvü Dr. Jannah Scottla görüş keçirilib
09 may 2025, 00:08

8 may 2025-ci ildə Qərbi Azərbaycan İcmasında ABŞ-nin Arizona Dövlət Universitetinin məsləhətçisi və ictimai siyasət eksperti, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Dr. Jannah Scottla görüş keçirilib.

Qonağı qarşılayan İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov əvvəlcə qonağı İcmasın binası, kitabxanası ilə tanış edib, Qərbi Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumat verib.

Görüş zamanı aparat rəhbəri icmanın fəaliyyəti, məqsədləri, indiki Ermənistandan zorla qovulmuş azərbaycanlıların beynəlxalq hüquqa uyğun olaraq, sülh yolu ilə, təhlükəsizlik və ləyaqətli şəkildə geri dönmək hüquqlarının bərpası istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, soydaşlarımızın qayıdış hüququnun təmin olunması mütləqdir.

Dr. Jannah Scott Qərbi Azərbaycan İcmasının fəaliyyətinin onda böyük maraq doğurduğunu bildirib, görüş təşəbbüsünün qəbul olunduğuna görə təşəkkür edib. Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalara çatdırılmasının, indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların, yaşlı nəsli təmsil edən insanların həyat hekayələrinin gənc nəslə ötürülməsinin əhəmiyyətindən danışıb, bunun üçün İcma ilə birgə çalışmağa maraqlı olduğunu açıqlayıb.

Görüşdə Qərbi Azərbaycanın Hamamlı rayonu Saral kənd icmasının sədri, Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Anar Osmanlı da iştirak edib.