02 iyul 2026, 11:37
2026-cı il iyulun 1-də Qərbi Azərbaycan İcmasının İrəvan İcmasının hesabat yığıncağı keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, İrəvan qazısı, Qərbi Azərbaycandan olan ziyalılar, tanınmış ictimai xadimlər, qədim İrəvan zadəgan nəsillərinin varisləri və İcmanın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filalogiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, İrəvan şəhər İcmasının sədri Fəridə Səfiyeva görülmüş işlər barədə hesabat təqdim edib. O, İrəvan İcmasının ötən dövr ərzində həyata keçirdiyi təşkilati tədbirlər, tarixi-mədəni irsin təbliği, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər, gənclərlə və ziyalılarla əməkdaşlıq barədə ətraflı məlumat verib. Fəridə Səfiyeva çıxışında müəllifi olduğu İrəvanın görkəmli şəxsiyyətlərinə həsr edilmiş nəşrlərdən də bəhs edib. O bildirib ki, hazırda İrəvan şəhərinə mənsub 10 ailənin taleyini əks etdirən yeni nəşr üzərində işlər yekunlaşmaq üzrədir. Bildirilib ki, kitabın müxtəlif xarici dillərə tərcüməsi nəzərdə tutulur və nəşrin ilk beynəlxalq təqdimatının ABŞ-ın Vaşinqton şəhərində keçirilməsi planlaşdırılır. Fəridə Səfiyeva bunun Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının hər bir qərbi azərbaycanlının mənəvi borcu olduğunu bildirib. O, İrəvanın və bütövlükdə Qərbi Azərbaycanın Azərbaycan xalqına görkəmli dövlət xadimləri, alimlər, həkimlər, maarifçilər və ictimai-siyasi xadimlər bəxş etdiyini vurğulayaraq, bu zəngin irsin sistemli şəkildə öyrənilməsinin və təbliğinin vacibliyini qeyd edib.
Əziz Ələkbərli çıxışında şəxsi xatirələrinə də toxunaraq, uşaqlıq illərindən Qərbi Azərbaycan mühiti, İrəvanın tarixi və bu torpaqlardan çıxmış görkəmli şəxsiyyətlər haqqında eşitdiklərinin onun dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. O, xüsusilə Əziz Əliyevin şəxsiyyətinin və fəaliyyətinin onda dərin iz buraxdığını qeyd edərək, belə nümunəvi insanların həyat yolunun gənclər üçün örnək olduğunu vurğulayıb.
İdarə Heyətinin sədri qeyd edib ki, Qərbi Azərbaycanın tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında həqiqətlərin elmi əsaslarla araşdırılması və dünya ictimaiyyətinə çatdırılması İcmanın qarşısında duran əsas vəzifələrdəndir. O, gənc nəslin milli kimlik ruhunda yetişdirilməsinin, tarixi yaddaşın yaşadılmasının və Qərbi Azərbaycana dinc, ləyaqətli və təhlükəsiz qayıdış ideyasının ardıcıl şəkildə təbliğ edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, tarixçi alim Dilarə Seyidzadə çıxışında Qərbi Azərbaycanın zəngin tarixi irsindən, İrəvanın Azərbaycan şəhəri kimi formalaşmasından, bölgədə yaşamış görkəmli ziyalıların Azərbaycan xalqının ictimai-siyasi və elmi həyatına verdiyi töhfələrdən bəhs edib. O, tarixi həqiqətlərin elmi əsaslarla araşdırılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov çıxışında bildirib ki, İrəvan şəhəri və mahalı orta əsrlərdən etibarən həm İslam dininin, həm də xristianlığın ortaq dəyərlərinin paylaşıldığı məkanlardan biri olub. O qeyd edib ki, İrəvan dini baxımdan zəngin ənənələrə malik olmaqla yanaşı, böyük din alimləri və ziyalılar yetişdirib. Bəxtiyar Nəcəfov milli-mənəvi irsin qorunmasının, tarixi yaddaşın yaşadılmasının və doğma yurd yerlərinə qayıdış uğrunda həmrəyliyin vacibliyini vurğulayaraq, İrəvan İcmasının fəaliyyətinə uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları özlərini təqdim edərək mənsub olduqları nəsillər, ailə tarixçələri və Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşüb, İrəvan İcmasının gələcək fəaliyyətinə dair təklif və fikirlərini səsləndiriblər.
Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.


















