Görüşlər

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının ümumi yığıncağı keçirilib
08 mart 2024, 17:36

Martın 7-də Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Qadınlar Şurasının üzvlərini təbrik edib. Bildirib ki, daim öz parlaq zəkası, geniş dünyagörüşü, intellekti, müdrikliyi ilə seçilən Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir və respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər. 
Sədr diqqətə çatdırıb ki, Qərbi Azərbaycanlı qadınlar İcmanın Qadınlar Şurasında birləşərək geniş təşkilatlanma işləri həyata keçiriblər.

Sonra Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. O da öz növbəsində Azərbaycan qadınlarını təbrik edib və bildirib ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, mədəni istiqamətlərdə fəal iştirak edirlər.

Sonda tədbirdə iştirak edən xanımlara İcmanın Qadınlar Şurasının üzvlük vəsiqələri təqdim edilib.