Xəbərlər

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ATƏT-in fəaliyyətdə olan sədrinə Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməsi ilə əlaqədar məktub ünvanlayıb
14 may 2024, 13:38

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqa məktub göndərərək, ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırmışdır.

Məktubda Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin, məscidlərinin, qəbristanlıqlarının və digər müqəddəs yerlərinin dağıdılması barədə məlumat verilir. İdarə Heyətinin sədri məktubunda Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədinin Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmalarını təmin etmək olduğunu vurğulamışdır. Məktubda İcmanın beynəlxalq hüquqa, o cümlədən, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı, qayıdış məsələsi ilə bağlı Ermənstanla dialoqa hazır olduğu bildirilir və təəssüf ki, Ermənistanın dialoqdan boyun qaçırdığı qeyd edilir.

Ə.Ələkbərli həmçinin ATƏT-in tədbirlərində Qərbi Azərbaycan İcmasının iştirakına Ermənistanın əngəl törətməyə çalışması faktlarını diqqətə çatdırmış və ATƏT-i Ermənistanın ifadə azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı olan bu cəhdlərini pisləməyə çağırmışdır.

Məktubun əsli İcmanın nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan Televiziyası” kanalının müxbiri tərəfindən 14 may 2024-cü ildə ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıda keçirdiyi mətbuat konfransı vaxtı ona təqdim edilmişdir.