Möhtərəm cənab Prezident,
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Azərbaycanın inkişaf yolu Zati-alinizin qətiyyətli siyasəti ilə ən yüksək zirvəsinə çatdı. Ölkəmizə rəhbərlik etdiyiniz son 20 ildə Azərbaycan dövləti misli görünməmiş uğurlara və qələbələrə nail oldu, dünyada öz layiqli yerini tutdu.
Daxili və xarici siyasətdə qazanılan nailiyyətlər dövlətin sütunlarını möhkəmləndirməklə yanaşı, xalqımıza firavanlıq, 30 ilə yaxın müddətdə işğal altında olan Vətən torpaqlarımıza azadlıq, ölkəmizə suverenlik bəxş etdi, Qərbi azərbaycanlılarda tarixi vətənlərinə dönmək inamını möhkəmləndirdi. Xalq-ordu birliyi və Zati-alinizin öndərliyi ilə qazanılan Vətən müharibəsi Zəfəri uzun illərdən bəri qələbə həsrətilə yaşayan bütün dünya azərbaycanlılarına qalibiyyət ruhu gətirdi.
Qədirbilən xalqımızın qalibiyyət ruhu özünü 7 fevral - Prezident seçkilərində yenidən bariz şəkildə göstərdi. Azərbaycan vətəndaşları bu seçkilərə Zəfər seçkisi kimi yanaşdı və Sizə səs verməyi özlərinin vəfa borcu hesab edərək seçkilərə qatıldılar. Zəfər seçkiləri Azərbaycan xalqının böyüklüyünün, öz dövlətini qorumaq eşqinin, Qalib liderə sədaqətinin göstəricisi kimi dövlətçilik tariximizə yazılmış oldu. Xalqımız Zati-alinizin Prezident seçkilərindəki növbəti qələbəsini qəhrəman ordumuzun Şuşadakı şanlı zəfəri kimi qarşıladı. Xalqın iradəsi Qarabağın və Şərqi Zəngəzurun azadlığını həzm etməyən bədxah xarici qüvvələrə ən böyük cavab oldu.
Səsvermə hüququ olan bütün dünyadakı azərbaycanlılar kimi Qərbi azərbaycanlılar da Sizə səs verərək bununla öz tarixi vətənlərinə Zati-alinizin rəhbərliyi altında qayıtmaq arzularını ifadə etdilər. Biz əminik ki, məhz bu arzumuz Sizin sarsılmaz siyasi iradəniz, ali sərkərdəliyiniz və qalib öndərliyinizlə reallaşacaqdır.
Cənab Prezident,
Prezident seçkilərində qazandığınız növbəti möhtəşəm qələbə münasibəti ilə Sizi Qərbi Azərbaycan İcmasının üzvləri, bütün dünyadakı Qərbi azərbaycanlılar adından səmimi qəlbdən təbrik edir, daha qüdrətli Azərbaycan naminə atacağınız hər bir addımda böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Əziz Ələkbərov – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı,
Misir Mərdanov – İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü,
Vahid Novruzov- Nəzarət-Təftiş Komissiyasının sədri, professor,
Əhliman Əmiraslanov – İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik,
Məlahət İbrahimqızı – Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı,
Elxan Hüseynov – Ziyalılar Şurasının sədri,
Ramin Məmmədov – Gənclər Şurasının sədri, Milli Məclisin deputatı,
Mürvət Həsənli – Qəyyumlar Şurasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri