13 avqust 2025, 20:00
Möhtərəm cənab Prezident,
Zati-alinizin dəmir yumruğu, qətiyyətli siyasi iradəsi, yüksək sərkərdəlik məharəti, Azərbaycan xalqının birliyi və qəhrəman Ordumuzun yenilməz gücü sayəsində Vətən müharibəsində qazandığınız şanlı Zəfər Azərbaycanı dünya dövlətləri sırasında layiqli məqama yüksəltdi. Böyük Zəfərdən sonra müstəqillik tariximizdə ilk dəfə əldə edilən dövlət suverenliyi Azərbaycanın qalib ölkə kimi nüfuzunu daha da artırdı və Vətənimizi sülh, etimad ünvanına çevirdi.
2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında əldə etdiyiniz böyük nailiyyətlər isə suverenlik tariximizin yeni və ən möhtəşəm uğurlarından biri oldu. Ölkəmizə qarşı 33 il bundan öncə qəbul edilmiş qərəzli 907-ci düzəliş Zati-alinizə hörmətin ali təcəssümü olaraq məhz Sizin iştirakınızla ləğv edildi, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın qurulması üçün önəmli addımlar atıldı. Həmçinin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında məhz Sizin təşəbbüsünüzlə bağlanılacaq sülh müqaviləsi üçün önəmli Bəyannamə imzalandı, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun açılması və digər mühüm məsələlər razılaşdırıldı.
Qazanılan bu nailiyyətlər dünya ictimaiyyətinin gözü qarşısında baş verdi və Zati-alinizin təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz regionu və Türk dünyası üçün çalışdığına hər kəs şahidlik etdi.
Zati-alinizin siyasi iradəsi nəticəsində əldə edilən bu uğurlar Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində həlledici addım, bölgənin bütün xalqları üçün firavanlığın təmin olunmasına ən böyük töhfə oldu.
Sizi ABŞ səfəri zamanı əldə etdiyiniz böyük uğurlar münasibətilə Qərbi Azərbaycan İcmasının üzvləri adından ürəkdən təbrik edir, bu müqəddəs yolda Zati-alinizə böyük zəfərlər arzulayır, Uca Tanrıdan Sizə Azərbaycanın daha da güclənməsi, insanlarımızın rifahı naminə gördüyünüz taleyüklü işlərdə böyük nailiyyətlər, cansağlığı diləyirik.
Dərin hörmətlə,
İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov
Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov
Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov
Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı
Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov
Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov
Qəyyumlar Şurasının sədri Mürvət Həsənli
Azərbaycan Respublikası, Bakı şəhəri