Görüşlər

Qərbi Azərbaycan İcmasının Zəngibasar rayon icmasının növbəti yığıncağı keçirilib
02 may 2025, 12:59

29 aprel 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Zəngibasar rayon icmasının növbəti yığıncağı keçirilib.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Zəngibasar rayon icmasının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli çıxış edərək Zəngibasarın Qərbi Azərbaycanın ictimai, tarixi və mədəni həyatındakı rolunu vurğulayıb. O bildirib ki, bu bölgə tarix boyu ziyalılıq, milli-mədəni irs və maarifçilik ənənələrinin daşıyıcısı olmuşdur.

Yığıncaqda son iki əsrdə bölgədə aparılmış anti-Azərbaycan siyasəti və onun nəticələri müzakirə edilib, yeni yanaşma ilə hazırlanmış, qarşı tərəfin mövqeyini faktlarla ifşa edən videoçarx nümayiş olunub. Təqdim edilən material iştirakçılar tərəfindən maraqla qarşılanıb və regionda baş vermiş tarixi hadisələrə hüquqi və mənəvi aspektdən obyektiv baxışın əhəmiyyətini ortaya qoyub.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli geniş çıxış edib. O, Qərbi Azərbaycan məsələsinin artıq təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də ciddi diqqət qazandığını qeyd edib. Bildirib ki, İSESKO kimi beynəlxalq təşkilatların rəhbərlik səviyyəsində nümayəndə heyətləri artıq Qərbi Azərbaycan İcmasına səfərlər edir, burada təqdim olunan məlumatları dinləyir, regionun gerçək tarixi və insan taleləri ilə yerində tanış olurlar.

Əziz Ələkbərli vurğulayıb ki, bu istiqamətdə aparılan işlər Azərbaycanın xarici siyasətində və diplomatik səylərində öz real nəticələrini verir. Milli Məclisdə Qərbi Azərbaycana Qayıdışla bağlı təşəbbüs qrupu yaradılıb və indiyədək altı ictimai dinləmə keçirilib. Bu, həm məsələnin cəmiyyətin gündəmində olduğunu göstərir, həm də onun hüquqi və ictimai əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addımdır.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra yaranmış milli birlik və özünəinam bu gün Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış prosesi üçün də güclü motivasiyaya çevrilib. Prezident İlham Əliyevin bu məsələyə xüsusi münasibəti, Qayıdış Konsepsiyasına dövlət səviyyəsində verilən dəstək, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verilən yüksək qiymət bu istiqamətdə ardıcıl irəliləyişə imkan yaradır.

Yığıncaqda Milli Məclisin deputatı Səyyad Aran da çıxış edərək Zəngibasar rayon icmasının fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin qeyd edib ki, 1948–1953-cü illərdə Zəngibasar rayonunun Aşağı Necili kəndindən deportasiya olunmuş bir ailənin nümayəndəsi kimi bu məsələ onun üçün yalnız ictimai yox, həm də şəxsi və mənəvi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu fəaliyyət yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillərə ötürüləcək mühüm irsdir.

Tədbir çərçivəsində Zəngibasar rayonunun tanınmış ziyalıları – Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent Cəfərov Heydər Allahyar oğlu və Uluxanlı məktəbində uzun illər müəllim və direktor müavini kimi fəaliyyət göstərmiş Əliyeva Möytəvər Əli qızı Qərbi Azərbaycan İcmasının Fəxri Fərmanı ilə təltif olunublar. Onlara hədiyyələr təqdim edilib.

Eyni zamanda, rayon icmasının fəallarından ibarət bir qrupa Qərbi Azərbaycan İcmasının vəsiqələri və döş nişanları təqdim olunub. Bu addım icma daxilində fəallığın və təşkilatlanmanın artırılmasına xidmət edir.

Tədbirin sonunda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Zəngibasar rayon icmasının fəaliyyətini yüksək dəyərləndirərək, iştirakçılara gələcək işlərində uğurlar arzulayıb.