AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bu mövzuda konfransın ilk dəfə təşkil edildiyini söyləyib. Bildirib ki, konfransın məqsədi Qərbi Azərbaycanın incəsənəti və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılması, elmi ictimaiyyətin fəallaşması, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği işinə töhfə vermək, həmçinin dövlətin Qərbi Azərbaycan mövzusunda həyata keçirdiyi siyasətə dəstək olmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq AMEA-nın bir sıra müəssisələrində Qərbi Azərbaycanla bağlı müvafiq şöbələrin yaradıldığını deyən Ərtegin Salamzadə həmin şöbələr tərəfindən qısa müddət ərzində fundamental tədqiqatlar aparıldığını, Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində önəmli nəticələr əldə edildiyini, kitablar nəşr olunduğunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi institutda son illər bu mövzuya dair elmi tədqiqatların aparıldığını bildirib.
Direktor Qərbi Azərbaycanın qədim incəsənət və mədəniyyət nümunələri ilə zəngin olduğunu, onların bir çoxunun vandalizmə məruz qaldığını, bəzilərinin isə saxtalaşdırıldığını söyləyib. AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Qərbi Azərbaycan incəsənəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası və tarixi yaddaşın yenilənməsi baxımından tədbirin önəmini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın son 200 illik tarixi xronikası, Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı çağırışlarının müasir proseslərdə təzahürü barədə məlumat verib. Bildirib ki, tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb.
Əziz Ələkbərli qeyd edib ki, təcavüzkar erməni radikalları tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilib. 2020-ci ildə tarixi ədalət bərpa olunub, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə haqq-ədalət yerini tapıb.
“Vətən müharibəsi nəticəsində azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da sülh yolu ilə, təhlükəsiz qayıdışı təmin etməkdir” - deyən Əziz Ələkbərli 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gələrək Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdüyünü və həmin görüşdə tarixi fikirlər söylədiyini xatırladıb. Vurğulayıb ki, ölkə rəhbəri Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə qarşıya konkret vəzifələr qoyub, Qarabağ müharibəsindən sonrakı dövr üçün Azərbaycan dövlətinin strateji əhəmiyyətini, qeyd edib. O, əcdadlarımızın Qərbi Azərbaycanda min illər boyu yaşadıqları üçün bu coğrafiyada zəngin mədəni irs nümunələri, tarixi-mədəni abidələr yaratdıqlarını, milli dəyərlər formalaşdırdıqlarını qeyd edib.
Əziz Ələkbərli tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, etnoqrafiyası, adət-ənənəsi, folkloru, maddi və qeyri-maddi mədəni irsi, şəxsiyyətləri və s. ilə bağlı bütün məlumatları toplayıb öyrənməyin, Azərbaycanın milli-mənəvi sərvətləri xəzinəsinə daxil etməyin zəruriliyini vurğulayıb.
Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın Qərbi Azərbaycan İcması qarşısında duran əsas vəzifələrdən olduğunu söyləyən Əziz Ələkbərli bu yaxınlarda qurum tərəfindən 600-dək dağıdılmış qəbiristanlığın görüntülərinin aşkar olunduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda o, əsas hədəfin tarixi Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə aparmaq olduğunu deyib, bu işdə alimlərin, ziyalıların öhdəsinə də mühüm vəzifələr düşdüyünü bildirib. Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının təbliğat xarakterli kitabların müxtəlif dillərə tərcümə edilərək çap olunmasına böyük maraq göstərdiyini söyləyib, elm adamlarını bu işdə fəal olmağa səsləyib.
Daha sonra AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “İrəvan Sərdarı sarayının memarlığı və bədii tərtibatı” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş nadir sənət abidələrimiz dədə-baba torpaqlarından deportasiya edilmiş xalqımızın buradakı izini silmək üçün dağıdılaraq misli görünməmiş vandalizmə uğrayıb. Məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da var. Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri fotoproyeksiya ilə canlandırılır. İrəvan sarayı memarlıq üslubu, bədii təxribatı, güzgülü salonu, divar rəsmləri ilə seçilir, şəbəkə kompozisiyası cəhətdən Şəki xan sarayının interyerinə bənzəyir.
Konfransda “Qərbi Azərbaycanın dini abidələrinin bədii-texnoloji xüsusiyyətləri”, “Tarixi qürur və təəssüf doğuran İrəvan Azərbaycan teatrı”, “Qərbi Azərbaycan təsviri sənətinin üç nəsli” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.