16 oktyabr 2025, 18:31
“Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildi Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) fondunda yer alıb. Kitabı RETK-ya Qərbi Azərbaycan İcmasının üzvü professor Firudin Ağasıoğlu təqdim edib.
Nəşrin müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovdur.
“Qərbi Azərbaycan irsi” seriyasından təqdim olunan bu hesabat Qərbi Azərbaycanda -- indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların Ermənistan dövləti tərəfindən məqsədyönlü şəkildə dağıdılması və məhv edilməsi siyasətinin sənədləşdirilməsi məqsədilə hazırlanıb. Məhv edilmiş azərbaycanlı qəbiristanlıqlarının sənədləşdirilməsi və təhlili ilk dəfə belə geniş miqyasda həyata keçirilib.
İki hissədən ibarət olan kitabın birinci hissəsində hesabatın məqsədi, tədqiqatın predmeti və metodologiyası açıqlanır. İkinci hissədə isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, toponimik və inzibati dəyişiklikləri, əhalinin köç və deportasiya prosesi, habelə qəbiristanlıqların və digər mədəni irs abidələrinin hazırkı vəziyyəti sistemli şəkildə təqdim olunub. Kitabın I cildində 1991-ci ilədək Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.
Seriyanın ümumilikdə beş hesabatdan ibarət olması nəzərdə tutulub. Belə ki, I, II və III hesabatlarda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılmış qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr barədə müfəssəl məlumatlar əksini tapacaq.