Xəbərlər

"Qərbi Azərbaycan Kubok"u uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilib
26 iyun 2024, 20:14

İyunun 26-da "Qərbi Azərbaycan Kubok"u uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli turnir iştirakçılarına uğurlar arzulayıb.

Qərbi Azərbaycan kuboku uğrunda turnirin İcmanın tarixində yeni bir səhifə olduğunu deyən Ə. Ələkbərli ölkəmizin idman sahəsində də öz gücünü hər zaman nümayiş etdirdiyini vurğulayıb.

O bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası bu gün ümummilli məsələdir. Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sülh yoluyla və təhlükəsiz şəkildə öz tarixi torpaqlarımıza qayıdacağıq. Bu cür idman yarışlarını isə Zəngəzurda, Dərələyəzdə, Göyçədə, İrəvanın mərkəzi stadionunda keçirəcəyik.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bugünkü turniri tarixi hadisə adlandırıb.

"Qərbi Azərbaycanı görməyən gənclər ata-babalarının yaşadıqları tarixi torpaqları görməsə də, ora qayıtmaq arzusu ilə yaşayırlar. Bu, çox sevindirici bir haldır",- deyə o əlavə edib.

Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yaşayırıq. O da müqəddəs ideya ətrafında birləşən həmvətənlilərimizin yaxın zamanlarda Qərbi Azərbaycana qayıdacağına inandığını vurğulayıb.

Sonra turnir bədii hissə ilə davam edib.

Müğənnilərin və aşıqların ifasında vətənpərvərliyə həsr olunan mahnılar oxunub.

Bəddi hissə yekunlaşdıqdan sonra turnirin ilk oyunu keçirilib. Belə ki, Qərbi Azərbaycan rayonlarının "Loru" və "Qarakilsə" mini futbol komandaları üz-üzə gəliblər. Oyun "Loru" klubunun 15-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.

Tarixdə ilk dəfə təşkil olunan mini futbol turnirində Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edir. Bunlar "Axta", "Amasiya", "Basarkeçər", "Böyük Qarakilsə", "Barana", "Çəmbərək", "Qarakilsə", "Qəmərli", "Qafan", "Gorus", "Keşişkənd", "Karvansaray", "Loru mahalı", "Meğri", "Hamamlı", "İrəvan", "Paşalı", "Vedi", "Sərdarabad" və "Zəngibasar" komandalarıdır.