Təqdimatlar

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub
22 fevral 2024, 14:00

Fevralın 22-də Qərbi Azərbaycan İcmasında (QAİ) filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin müəllifi olduğu “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana aid kitabların, nəşrlərin İcmada təqdim olunmasının artıq ənənə halını aldığını deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də imzaladığı Fərman ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnun təsbit edilməsi baxımdan olduqca əhəmiyyətli idi və Qərbi Azərbaycan ideyasının gündəmə gəlməsinə səbəb oldu.

Əziz Ələkbərli Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin də Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaları istiqamətində İcmanın qarşısına qoyduğu məqsəd və vəzifələr barədə danışıb.

O, Qərbi Azərbaycanın ilk mətbu orqanı haqqında məlumat verib. Bildirib ki, İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş jurnal “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrini davam etdirib.

Digər çıxış edənlər də kitabın Qərbi Azərbaycan irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımdan əhəmiyyətini vurğulayıblar.

Nəşrin uğurlu olacağına əminliklərini ifadə edən çıxışçılar Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsindən sonra bu cür kitabların nəşrinin önəmindən danışıblar.

Kitabın elektron versiyasının da hazırlanması tövsiyə edilib, ölkədən kənarda təbliğinin vacibliyi vurğulanıb.

Sonra çıxış edən Cəlal Allahverdiyev nəşrdə Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixinin, Ermənistan tərəfindən soydaşlarımıza qarşı dörd deportasiyanın həyata keçirildiyi ötən əsrdə sözügedən mətbu orqanlarının keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolunun araşdırıldığını söyləyib.

Diqqətə çatdırılıb ki, kitabda Qərbi Azərbaycanda ictimai-siyasi, ədəbi-mədəni mühitin inkişafında və formalaşmasında böyük rol oynamış anadilli mətbuat orqanlarının rolundan geniş bəhs edilir. Müəllif Qərbi Azərbaycanda Ermənistan tərəfindən soydaşlarımıza qarşı edilən təzyiqlərə rəğmən, milli mətbu orqanlarının meydana gəlməsində və onların işində böyük fədakarlıq göstərmiş, adları mətbuat tariximizə qızıl hərflərlə yazılmış görkəmli ziyalıların fəaliyyəti barədə ətraflı məlumat verir.

Araşdırılmış yeni mətbuat orqanları ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilib.

Cəlal Allahverdiyev bu tədqiqatın mətbuat tariximizin ağrı-acılı səhifələrindəki boşluğun doldurulması istiqamətində atılan ilk addım olduğunu əlavə edib.

Qeyd edək ki, kitabın müəllifi Cəlal Vaqif oğlu Allahverdiyev Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili kafedrasının dosenti, H.Əliyev iqtisadi irsinin öyrənilməsi mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə bağlı dəyərli araşdırmaların, “İrəvan ədəbi mühiti” (2010), “İrəvan pedaqoji məktəbi” (2015), “Təhsil tariximizdən: İrəvan pedaqoji məktəbi” (2017), “İrəvanda milli maarifçilik mühiti” (2017), “İrəvanda ictimai-siyasi və mədəni mühit” (2019), “İrəvan ensiklopedik foto toplusu” (2019), “Ömrün illəri” (2020), “İrəvan müəllimlər seminariyası” (2022) kitablarının müəllifi, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Əştərək, Üçkilsə və Sərdərabad rayonları İcmasının sədridir.

https://azertag.az/xeber/qerbi_azerbaycan_metbuati_tarixi_kitabinin_teqdimati_olub-2931063