Xəbərlər

“Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib
17 mart 2025, 17:18

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.

Tədbirin moderatoru, Milli Məclisin Gənclər və İdman komitəsinin və Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayilov gənclərlə Qərbi Azərbaycan mövzusunda keçirilən görüşlərin silsilə hal aldığını, bu müzakirələrin gənclərin sözügedən mövzuda daha ətraflı məlumata malik olmasında önəmli rolunun olduğunu qeyd edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edib. Qərbi Azərbaycandan olan şəxsiyyətlərin Azərbaycan tarixində və dövlətçiliyində rolundan bəhs edən Dilarə xanım bu ziyalıların keçdiyi işıqlı həyat yoluna toxunub.

Ardınca Qərbi Azərbaycan mövzusunda Qərbi Azərbaycan Televiziyasının hazırladığı film nümayiş etdirilib.

ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Qərbi Azərbaycan reallıqlarının çatdırılmasında universitetlərin rolundan bəhs edərək tələbələrin bu həqiqətlərin dünyaya çatdırılması prosesində fəal olmasının vacibliyini vurğulayıb.

Azərbaycanın dövlətçilik tarixində İrəvan xanlığının rolu mövzusunda tarix elmləri doktoru, Güntekin Nəcəfli çıxış edərək İrəvan xanlığının zəngin tarixindən, bölgənin həyatında oynadığı mühüm rolundan danışıb.

İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, şair, oftalmoloq Paşa Musayev (Paşa Qəlbinur) gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakının, həm bölgənin mədəni irsinin qorunması, həm də bu prosesdə aktiv rol almaları baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında interaktiv fikir mübadiləsi ilə davam edib.