Xəbərlər

Qərbi Azərbaycan mövzusunda keçirilən beynəlxalq konfransın könüllülərinə sertifikatlar təqdim olunub
16 dekabr 2023, 10:39

Qərbi Azərbaycan İcması (QAİ) tərəfindən dekabrın 5-də Bakı şəhərində təşkil edilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusundakı beynəlxalq konfransın könüllülərinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Dekabrın 16-da Qərbi Azərbaycan İcmasında keçirilən mərasimdə çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümündə bu mötəbər beynəlxalq konfransın keçirilməsinin çox əlamətdar hadisə olduğunu vurğulayıb.

İcmanın ilk beynəlxalq tədbirində könüllülərin böyük heyətlə iştirak etdiklərini diqqətə çatdıran Ə.Ələkbərli deyib: “Konfrans Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bölgələrimizdə və müxtəlif xarici ölkələrdə oxşar tədbirləri bundan sonra da keçirəcəyik”.

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov bildirib ki, könüllülərimiz xalqımız arasından seçilmiş şəxslərdir. Könüllülər heç bir maddi maraq güdmədən Qərbi Azərbaycan İcmasının çağırışına cavab verərək konfransa öz töhfələrini verdilər.

O, gənclərə Azərbaycan tarixini öyrənməyin əhəmiyyətindən danışıb.

Sonda könüllülərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.