Xəbərlər

Qərbi Azərbaycan qaçqınlarının tibbi müayinəsi keçirilib
28 aprel 2025, 21:20

28 aprel 2025, saat 11:00-da Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, TƏBİB və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tibbi humanitar aksiya keçirilib.

Aksiya çərçivəsində Tərtər rayonu, Bəyimsarov kəndindəki Poliklinika bu kənddə məskunlaşmış Qərbi Azərbaycan qaçqınlarının tibbi müayinəsi keçirilib. Müayinələrə Oftalmoloji müayinə, 7 yaşa qədər uşaqların tibbi müayinəsi, 50 yaşa qədər qadınların müayinəsi həyata keçirilib.

Daha sonra Şəhid ailələri ziyarət edilib. Ardınca Tərtər Mədəniyyət mərkəzi görkəmli oftalmoloq, alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş “ZƏRİFƏ ƏLİYEVA: Əbədi İşıq Mücəssəməsi” mövzusunda konfrans keçirilib.

Konfransın moderatoru, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı görkəmli oftalmoloq, alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın ömür yoluna toxunub, yüksək nailiyyətlərindən, öz peşəsinə sevgisindən bəhs edib. Bu gün keçirilən tibbi humanitar aksiyanın önəmindən danışıb.

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri, İcmanın Ağsaqqallar Şürasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoymuş alimdir. Bu gün onun adına həsr olunmuş tədbirin Tərtərdə, qərbi azərbaycanlıların yaşadığı ərazidə keçirilməsi böyük mənəvi dəyər daşıyır. Eyni zamanda həyata keçirilən tibbi humanitar aksiya da onun xidmətlərinə bir ehtiram nümunəsidir.

⁠İcmanın İdarə Heyətinin üzvü, ADPU-nin prorektoru professor Mahirə Nağıqızı qeyd edib ki, elm və təhsildə qadınların öncül rolunun təcəssümü olan Zərifə xanımın irsi gənc nəsillər üçün nümunədir. Bu gün keçirilən aksiya, onun insana və sağlamlığa verdiyi dəyərin cəmiyyətə təzahürüdür.

⁠İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev vurğulayıb ki, bu cür humanitar aksiyalar icbari tibbi sığortanın insanlara yaxınlaşdırılması baxımından önəmlidir. Akademik Zərifə Əliyevanın adı ilə bağlı tədbirin sosial həssas qrup nümayəndələrini əhatə etməsi, onun insana xidmət prinsipləri ilə səsləşir.

⁠⁠AMEA müxbir üzvü, biologiya elmləri doktoru, BDU kafedra müdiri, Ağsaqqallar Şurasının üzvü prof. Elşad Qurbanov akademik Zərifə Əliyevanın elmi irsindən bəhs edib, onun tədqiqatlarının bu gün də aktuallığını qoruduğunu bildirib.

⁠Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aksiyanın bölgə əhalisi üçün əhəmiyyətindən danışaraq, bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb.

İcmanın Qadınlar Şurası sədrinin müavini, Tibb elmləri üzrə fəlsəfə doktoru, Universal hospitalın baş həkimi Aytən Sultanova çıxışında tibbi xidmətlərin keyfiyyətinin artırılmasının və qadınların sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edərək, onun elmi və ictimai fəaliyyətini yüksək dəyərləndirib.