Təqdimatlar

“Qərbi Azərbaycan Şəhidləri” kitabının təqdimatı keçirilib
27 iyul 2024, 09:26

26 İyul 2024-cü il tarixdə Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Şəhidləri” kitabının təqdimatı keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli “Qərbi Azərbaycan Şəhidləri” kitabı ilə bağlı ətraflı məlumat verib.

Sədr bildirib ki, kitabda 20 Yanvar 1990-cı ildə, I Qarabağ müharibəsində, 44 gün sürən Vətən Müharibəsində (II Qarabağ müharibəsi) və antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qərbi azərbaycanlı və qərbi azərbaycan kökənli şəhidlərin adları qeyd olunmuşdur.

Əziz Ələkbərli kitabın II cildi üzrə hazırlıqların getdiyini də vurğulayıb.

Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması Nəzarət-təftiş komissiyasının sədri, professor Vahid Novruzov kitabın gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsində böyük rolu olacağını qeyd edib.

Natiq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurd-yuvalarına qayıtmasının gündəmdə olduğunu və bunun qərbi azərbaycan kökənli insanların qanuni haqqı olduğunu bildirməsi bir daha dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkdi.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, VI çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü, VI çağırış Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Nəzarət-təftiş komissiyasının sədrinin müavini, VI çağırış Milli Məclisin deputatı Şahin İsmayilov çıxışlarında kitabın önəmindən bəhs edərək bu işin daha da təkmil variantda davam etdirilməsini təklif etdilər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, VI çağırış Milli Məclisin deputatı Aydın Mirzəyev əmisi şəhid Müharib Mirzəyevin keçdiyi çətin yollardan bəhs edib.

Qərbi Azərbaycan İcmasının Keşişkənd icmasının sədr müavini, şəhid Babək Allahverdiyevin dayısı Nəcəfli Məhəmməd, “Qərbi Azərbaycan Şəhidləri” kitabının tərtibatçılarından olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Aparatının işçisi Azadə Novruzova, Qərbi Azərbaycan İcmasının Nərimanlı kənd icmasının sədri, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi, həkim-mütəxəssis Şirazi İbrahimov kitabla bağlı təkliflərlə həmrəy olduqlarını bildirdilər.