Xəbərlər

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
01 may 2024, 13:33

1 may saat 10:00-da Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı oldu. Tədbirdə İcma rəhbərliyi, tanınmış ictimaiyyət nümayəndələri iştirak etdi. 

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi ki, Qərbi Azərbaycan televiziyası son 200 ildə mərhələlərlə öz el - obasından deportasiya edilən soydaşlarımız, Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla, bütün işini bu istiqamətə kökləyib. Sədr bildirdi ki, televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün imkanlarla təchiz olunub. 

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu televiziyanın fəaliyyətinə uğurlar diləyərək kanalın Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından da mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Açılışın rəmzi xarakteri olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış oldular. 

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri, İcmanın sözçüsü Ülviyyə Zülfiqar jurnalistlərə açıqlamasında bildirdi ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir. Belə ki, Televiziya həftədə 6 dəfə, 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla 2 saat boyunca efir yayımlayacaq. Üstəlik həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub. Televiziyanın ənənəvi verilişləri olan “Müzakirə vaxtı”, Xəbər buraxılışı, “İnsan Hekayəsi” kimi verilişlərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu Öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə” o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri maddi – mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan Ləzzətləri” və sair kimi verilişlər də yayımlanacaq. Qeyd etdi ki, televiziyanın binasında sözügedən verilişlərin çəkilməsi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb. 

Qərbi Azərbaycan TV-nin Sosial Media hesabları aşağıdakılardır.  

1. Youtube: https://www.youtube.com/@QerbiAzerbaycanTV/videos

2. Facebook:  https://www.facebook.com/people/Q%C9%99rbi-Az%C9%99rbaycan-TV/100095259673458/

3. İnstagram: https://www.instagram.com/qerbi.aze.tv/

4. Tik-tok: https://www.tiktok.com/@qerbi.aze.tv