11 aprel 2026, 00:53
Qərbi Azərbaycan tarixi həqiqətlərini əks etdirən daha bir kitab nəşr olunub. Qərbi Azərbaycan İcmasında tarix üzrə fəlsəfə doktoru Əsəd Canəli Qurbanlının “Qərbi Azərbaycan türklərinin Ermənistan SSR-dən 1947–1950-ci illərdə deportasiyası, erməni məsələsi kontekstində” adlı kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov tarixi yaddaşın formalaşdırılmasında elmin və mədəniyyətin əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edilib ki, təqdim olunan monoqrafiyada 1947–1950-ci illərdə Azərbaycan türklərinin Ermənistan SSR-dən deportasiyası II Dünya müharibəsindən sonrakı dövrdə Sovet-Türkiyə münasibətləri və “erməni məsələsi” kontekstində tədqiq edilib. Deportasiyaya səbəb olan amillər dərindən araşdırılıb, həmin illərdə SSRİ-nin Türkiyəyə və Ermənistan SSR-nin Azərbaycan SSR-ə qarşı ərazi iddiaları, eləcə də xarici ölkələrdən ermənilərin sovet Ermənistanına köçürülməsində rol oynayan siyasi partiya və təşkilatların fəaliyyəti geniş şəkildə təhlil olunub.
Tədbir çərçivəsində çıxış edənlər Azərbaycan türklərinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsi zamanı əhalinin üzləşdiyi çətinliklərdən, milli-mənəvi təzyiqlərdən, ziyalıların hökumət qərarlarına qarşı etirazlarının sənədlər əsasında təsdiqindən danışıblar.
Təqdimatda iştirak edən qonaqlar — kimya elmləri doktoru, professor Eldar Məmmədbəyli, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Ələsgər Sarıyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, tədqiqatçı alim və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev mövzunun aktuallığını vurğulayıb, problemə geniş və sistemli yanaşma ortaya qoyduğunu bildiriblər.
Sonda çıxış edənlər müəllifə uğurlar arzulayıb, kitabın tarixçilər, tələbələr və doktorantlar üçün mühüm elmi mənbə olacağına ümid etdiklərini qeyd ediblər.













