22 iyun 2026, 09:00
Naxçıvan Muxtar Respublikasında keçirilən “Qərbi Azərbaycana qayıdış” III Konqres-Festivalı çərçivəsində tədbirin bədii və sərgi hissəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festivalın bədii proqramında Qərbi Azərbaycanın zəngin folklorunu, musiqi ənənələrini və milli-mənəvi dəyərlərini özündə əks etdirən konsert proqramı təqdim olunub. Tədbir iştirakçılarına Qərbi Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən musiqi və incəsənət nümunələri nümayiş etdirilib.
Daha sonra konqres-festival iştirakçıları, o cümlədən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel və digər qonaqlar Qərbi Azərbaycana həsr olunmuş sərgilərlə tanış olublar.
Ordubadın qədim məhəllələri boyunca qurulmuş pavilyon və stendlərdə əslən Qərbi Azərbaycandan olan soydaşlarımız tərəfindən doğma yurd yerlərinin adət-ənənələri, mədəniyyəti, folklor nümunələri, kulinariya irsi və milli-mənəvi dəyərləri təqdim edilib. Sərgi iştirakçıları Qərbi Azərbaycanın tarixi keçmişini, mədəni müxtəlifliyini və həyat tərzini əks etdirən ekspozisiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.
Bununla yanaşı, tədbir çərçivəsində Qərbi Azərbaycanın tarixi, təbiəti, maddi-mədəni irsi və sənət ənənələrini əks etdirən rəsm, xalça və digər sənət nümunələri, həmçinin kitab, jurnal və qəzet sərgiləri nümayiş olunub.
Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” III Konqres-Festivalı Qərbi Azərbaycanın tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr olunmuş müxtəlif istiqamətlər üzrə plenar iclaslar və panel müzakirələrlə öz işini davam etdirib








































