Konfranslar

“Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfransın yekun sənədi
21 may 2025, 21:49

“Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfransın yekun sənədi

(21 May 2025-ci il, Ankara, Türkiyə Respublikası)

Biz, Azərbaycan, Türkiyə və digər ölkələrdən olan parlamentarilər, alimlər, vətəndaş cəmiyyəti nümayəndələri və ictimai xadimlərdən ibarət iştirakçılar, 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfransda bir araya gələrək, Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququ barədə və bu məsələnin insan hüquqları və regional sülh kontekstindəki əhəmiyyəti ətrafında dərin fikir mübadiləsi apardıq.

Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciətini böyük ehtiramla dinlədi. Bu müraciət konfransda ədalət və sülh məsələləri üzrə aparılan müzakirələrə istiqamət verdi və konfransın işinə böyük dəyər qatdı.

Aparılmış müzakirələrə əsaslanaraq biz, konfrans iştirakçıları aşağıdakılar barədə həmrəyliyimizi ifadə edirik:

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq konvensiyalarda öz əksini tapmış qayıdış hüququ beynəlxalq hüququn əsas normalarından biri olmaqla, sülh və birgəyaşayışa xidmət edən mühüm prinsipdir.

20-ci əsrin müxtəlif mərhələlərində – 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə – Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarılmışdır. Bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlı qaçqın vəziyyətinə düşmüş, onların mədəni irsi – məscidlər, qəbiristanlıqlar və tarixi abidələr – məhv edilmişdir. Bu faciəvi hadisələr regionun mədəni müxtəlifliyinə və tarixi yaddaşına ciddi zərbə vurmuş və hal-hazırda həll edilməmiş ədalətsizlik kimi qalmaqdadır.

Biz Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin təkcə insan hüquqlarının qorunması ilə məhdudlaşmayaraq, regionda ədalət, sabitlik və birgəyaşayışın bərqərar olması üçün zəruri şərt olduğunu bəyan edirik. Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır.

Qərbi Azərbaycanda dağıdılmış məscidlərin və digər mədəni abidələrin bərpası və qorunması regional barışıq və birgəyaşayışın möhkəmləndirilməsi üçün vacibdir. Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) və Islam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) yaxından iştirakı zəruridir.

Biz Ermənistan hökumətini Qərbi Azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırırıq. Ermənistan qayıdışı təmin etmək məqsədilə Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoq başlamalı, azərbaycanlıların mədəni irsinin qorumaq və bərpa etmək üçün UNESCO-nun və digər müvafiq qurumların monitorinq missiyalarına icazə verilməli və Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarını təmin etməlidir.

Qayıdacaq Qərbi azərbaycanlıların reinteqrasiyası üçün infrastrukturun bərpası, onlara humanitar yardımın təmin edilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş beynəlxalq tədbirlər zəruridir.

Biz beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşdırılması üçün diplomatik səyləri artırmağa və bu prosesin müfəssəl planlaşdırılması və icrasını dəstəkləməyə dəvət edirik.

Biz Birləşmiş Millətlər Təşkilatını və digər beynəlxalq təşkilatları beynəlxalq hüquqa uyğun olaraq qayıdışı təmin etmək üçün monitorinq və dəstək mexanizmləri yaratmağa, həmçinin regionda sülh və barışığın möhkəmləndirilməsi üçün dialoq platformaları formalaşdırmağa çağırırıq.

Biz indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qanuni təmsilçisi kimi Qərbi Azərbaycan İcmasına dəstəyimizi ifadə edir və onun qayıdış məqsədinə beynəlxalq hüquq çərçivəsində, sülh yolu nail olmaq əzmini, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmasını alqışlayır və beynəlxalq ictimaiyyəti Qərbi Azərbaycan İcmasına dəstək verməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsində liderliyini, beynəlxalq hüququn aliliyinə sadiqliyini və ədalətin bərpasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Eyni şəkildə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətə, sülh və barışığa möhkəm dəstəyini alqışlayırıq.

Bu yekun sənəd Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi, insan hüquqlarının müdafiəsi və Cənubi Qafqazda davamlı sülhün təşviqinə xidmət edən çağırışdır. Konfransın nəticələri beynəlxalq təşkilatlara, dövlətlərə və ictimaiyyətə çatdırılacaq, bu məsələnin qlobal gündəmdə prioritet kimi irəli sürülməsinə xidmət edəcəkdir.

Ankara, 21 May 2025-ci il