05 iyun 2026, 00:50
Qərbi Azərbaycan İcması və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işini başa çatdırıb.
Konfransın ikinci günü BDU-da “Qərbi Azərbaycan və tarixi yaddaş”, “Qərbi Azərbaycana qayıdışın hüquqi çərçivəsi”, “Qayıdış diskursunda regional təhlükəsizlik: müasir baxışlar və strateji yanaşmalar”, “Mədəni irs və mənəvi yaddaş: dil, folklor, mətbuat, kitablar və intellektual mühit”, “Qərbi Azərbaycan – “yaşıl” Vətən” mövzularında bölmə iclasları keçirilib.
Bölmə iclaslarında dövlətçilik, suverenlik və tarixi ədalət anlayışları kontekstində Qayıdış Konsepsiyasının mahiyyəti, onun postmünaqişə dövründə milli strateji düşüncədə yeri, qayıdış hüququnun beynəlxalq hüquqi sənədlərdə təsbiti, deportasiya və məcburi köçkünlük problemi, regional təhlükəsizlik və sülh quruculuğu prosesləri, humanitar diplomatiya, Qərbi Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, tarixi abidələrin və toponimlərin bərpası, eləcə də qayıdışın coğrafi, sosial-iqtisadi və ekoloji aspektləri ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, dezinformasiya və tarixi saxtakarlıq cəhdlərinə qarşı elmi arqumentlər təqdim olunub, ümumilikdə 100-dək məruzə dinlənilib.
Bölmələrin işində konfransın həmsədrləri – Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və BDU-nun rektoru Elçin Babayev iştirak və çıxış ediblər.
Konfransın bağlanış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev konfransın yüksək səviyyədə təşkil olunduğunu və məhsuldar elmi müzakirələrlə yadda qaldığını bildirib. O, tədbirin gələcəkdə də davamlı xarakter daşıyacağını, BDU ilə Qərbi Azərbaycan İcması arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyini qeyd edib. Rektor müxtəlif elm və təhsil müəssisələrində fəaliyyət göstərən Qərbi Azərbaycan mərkəzlərini fəaliyyətlərini əlaqələndirməyə, birgə elmi təşəbbüslərlə çıxış etməyə və əməkdaşlığı genişləndirməyə çağırıb.
Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə çıxışında tədbirin Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində müəyyən etdiyi vəzifələrin icrasına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, konfrans çərçivəsində aparılan müzakirələr və səsləndirilən elmi yanaşmalar Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi ictimaiyyətə çatdırılması, qayıdış ideyasının elmi və hüquqi əsaslarının daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Bu fəaliyyət bizi tarixi torpaqlarımıza daha bir addım yaxınlaşdırır”, – deyə Əziz Ələkbərli vurğulayıb.








