Xəbərlər

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi
28 sentyabr 2026, 11:53

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Amağu (Anabat) Dərələyəz mahalının Amağu kəndindən 2 kilometr aralıda, Arpa və Amağu çayları arasında yerləşən qədim alban-xristian məbədidir. Amağu kəndi 1931-ci il oktyabrın 15-dən Keşişkənd, 1935-ci il yanvarın 3-dən Mikoyan, 1957-ci il dekabrın 6-dan isə Yeğeqnadzor rayonunun tərkibində olub.

Məbədin ilkin adı Anabat olmuş, sonralar ermənilər onu Noravank, yerli camaat isə Amağu kəndinin adı ilə Amağu məbədi adlandırmışlar.

Buradakı epiqrafik yazılardan anlaşılır ki, məbədin əsası 1221-ci ildə Siyuni hakimi türksoylu Libarit Orbelian tərəfindən qoyulub, sonra knyaz Dərsə içxan 1275-ci ildə burada qardaşı Sembat üçün sərdabə, daha sonralar Dərsə içxanın oğlu Burtel ikimərtəbəli məbəd ucaldıb. Bura Orbelianların nəsil sərdabəsi olub.

Elxanilər dövründə Arpa xan (1335-1336) abidəni bərpa edib, Satibəy xatun (1339-1340) ikinci mərtəbəni yenidən qurub, qadınlarla kişilərin bir qapıdan daxil olmaması üçün ikinci mərtəbəyə ayrıca pilləkənlər əlavə edib.

1840-cı il zəlzələsi zamanı məbəd xeyli zərər çəkib.

Amağu kəndi qədimdən türk tayfalarının vətəni olub, 1988-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülüblər.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___amagu_mebedi-4435086?