Xəbərlər

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi
23 sentyabr 2026, 12:29

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb.

AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Arpa Dərələyəz mahalının (15.10.1931-ci ildən – Keşişkənd rayonu, 03.01.1935-ci ildən – Mikoyan rayonu, 06.12.1957-ci ildən – Yeğeqnadzor rayonu) Arpa (10.09.1046-cı ildən – Areni) kəndində, Yelpinçay çayı ilə Arpa çayının qovuşduğu yerdə alban-türk xristian məbədidir.

Məbədin kitabəsində onun Burtel Orbelianın, onun arvadı Vağağın, oğlanları Başkən və İvanın şərəfinə Siyuni hakimi Dərsə içxanın (içxan - əyalət hakimi) əmri ilə 1322-ci ildə tikildiyi göstərilib.

Elxani hökmdarı Arpa xanın (1335-1336) adını daşıyan Arpa kəndində tarixən alban-türk tayfaları yaşamışlar. Kəndə ilk ermənilər XVIII yüzilin əvvəllərində Türkiyədən və İrandan köçürülüb gətirilmişlər.

İrəvan və Naxçıvan xanlıqları 1827-ci ildə çar Rusiyası tərəfindən işğal olunarkən burada cəmi 14 erməni qeydə alınıb. 1829-cu ildə isə daha 4 erməni ailəsi Osmanlı ərazisindən köçüb kənddə məskunlaşıb.

Arpa kəndi 1828-1840-cı illərdə Naxçıvan əyalətinin, 1840-1874-cü illərdə Naxçıvan qəzasının, 1874-1917-ci illərdə Şərur-Dərələyəz qəzasının tərkibində olub, sovet hakimiyyətinin ilk illərində Dərələyəz mahalının digər əraziləri ilə bir yerdə Ermənistan SSR-ə verilib.

Arpa kəndinin adı ilə Arpa kilsəsi adlanan məbədin günbəzi 1840-cı ildə baş vermiş zəlzələ zamanı uçub. Kilsədə bərpa işləri 1967–1972-ci illər ərzində aparılıb. İstanbul ermənisi Artaşes Tyuzmeçyanın maliyyə dəstəyi ilə 1998-ci ildə kilsənin üstündə günbəz ucaldılıb. Kilsə hər dəfə bərpa olunanda ona erməni-qriqorian elementləri əlavə edilib və o, erməniləşdirilib.

1946-cı ilə qədər Arpa adını daşıyan kəndin adı 10.09.1046-cı il tarixdə dəyişdirilərək Areni qoyulub, paralel olaraq Arpa məbədinin də adı dəyişdirilərək Areni kilsəsi adlandırılıb.

https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___arpa_mebedi-4426413?