25 sentyabr 2026, 17:12
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Talış məbədi İrəvan xanlığının Karbibasar mahalının (09.09.1930-cu ildən – Əştərək rayonu) Talış (11.11.1970-ci ildən – Aruç) kəndində qədim alban xristian məbədidir.
Bu məbəd VII əsrin ikinci yarısında (661-662-ci illərdə) inşa edilib. Günbəzli zal tipində olan ilk abidələrdəndir.
Ölçüsü 34,6 x 16,9 metr olan bu əzəmətli məbəd 1946-1948-ci illərdə bərpa olunaraq ona bir çox erməni elementləri əlavə edilib.
Talış məbədinin yerləşdiyi Talış kəndi qədimdən XIX əsrin ortalarına qədər türk tayfalarının Vətəni olub. Kəndə gedən yolun üstündə karvansarayın qalıqları yerləşir.
İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunarkən burada bir nəfər də erməni olmayıb, kənddə 9 ailədə 61 nəfər (37 kişi, 24 qadın) azərbaycanlı qeydə alınıb. Kəndə ilk ermənilər 43 ailədə 370 nəfər olmaqla XIX əsrin 40-50-ci illərində İrandan və Türkiyədən köçürülüblər.
Erməni mənbələri etiraf edir ki, kənd əhalisinin əksəriyyəti Türkiyənin Bəyazid bölgəsindəki kəndlərdən köçüb.
Talış məbədi də ermənilər tərəfindən “təmir” edilərək qriqorianlaşdırılıb və erməniləşdirilib.
https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___talis_mebedi-4430565


