26 sentyabr 2025, 20:22
Sentyabrın 26-da Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd orta məktəbi-100” adlı kitabın təqdimatı baş tutub. 27 sentyabr Anım Gününə təsadüf edən tədbirin iştirakçıları Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında bildirib ki, Qərbi Azərbaycan mövzusunda yazılmış hər bir əsər milli yaddaşımız üçün mühüm mənbədir. Onun sözlərinə görə, təqdim olunan nəşr yalnız bir məktəbin yüzilliyinə deyil, bütövlükdə Qərbi Azərbaycanın keçdiyi tarixi yola, yaşadığı deportasiya və soyqırımlara işıq tutur:
“Bu kitab Göyçə mahalı, xüsusilə də Cil kəndi haqqında zəngin məlumat verir və gələcək nəsillərin tarixi yaddaşının formalaşmasında mühüm rol oynayacaq.”
Daha sonra kitabın müəllifi – Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası sədrinin müavini, ADPU-nun professoru, pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi Fərrux Rüstəmov kənd və məktəb haqqında xatirələrini bölüşüb. O qeyd edib ki, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 2040 metr yüksəklikdə yerləşən Cil kəndi zəngin təbiəti və inkişaf etmiş təsərrüfatı ilə seçilib. Onun sözlərinə görə, məktəb 1923-1924-cü tədris ilində ibtidai məktəb kimi fəaliyyətə başlayıb, daha sonra orta məktəbə çevrilərək 1988-ci ilin noyabrına qədər fəaliyyət göstərib. Müəllimlərin fədakarlığı nəticəsində məktəbin məzunları arasında 10 elmlər doktoru və professor, 22 fəlsəfə doktoru yetişib.
Digər çıxış edənlər - Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor, Keşkənd İcmasının sədri Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, Çəmbərək rayon icmasının sədri Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, pedaqogika üzrə elmlər doktoru, professor, İcmanın Binəqədi rayon nümayəndəliyinin sədri Həsən Bayramov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü filologiya elmləri doktoru, professor İbrahim Bayramov, Azərbaycan Dillər Universiteti Təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə kitabın Qərbi Azərbaycanın tarixi, mədəni irsi və faciələri haqqında ətraflı məlumat verdiyini qeyd ediblər. Onlar Cil kəndinin və məktəbin inkişaf yolunu, müharibələrdə verdiyi itkiləri xatırlayıb, məktəbin uzun illər boyu elm və mədəniyyət məbədi rolunu oynadığını, müəllimlərin fədakarlığını və məzunların uğurlarını vurğulayıblar.
Natiqlər bildiriblər ki, kitab yalnız bir kənd məktəbinin salnaməsi deyil, həm də Cil kəndinin ictimai, mədəni və mənəvi həyatını, adət-ənənələrini, məktəbin müəllim və məzunlarının fədakar fəaliyyətini əks etdirən dəyərli mənbədir.
Nəşrdə məktəbin direktorları, müəllim heyəti və məzunları barədə məlumatlar toplanıb, kəndin tarixi, sosial həyatı və maarifçilik ənənələri geniş şəkildə təqdim olunub. Kitab həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.












