Xəbərlər

“Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması tarixi yaddaşımızın qorunmasına xidmət edir”
23 iyun 2026, 10:45

Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan İrsi – Tarixi Köklərə Qayıdış” Festivalında çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tədbirin əhəmiyyətindən və Qərbi Azərbaycan irsinin qorunmasının vacibliyindən danışıb.

İcra başçısı festival iştirakçılarını salamlayaraq bildirib ki, Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlər təkcə mədəniyyət tədbiri deyil, həm də xalqımızın tarixi yaddaşına, mənəvi köklərinə və zəngin irsinə ehtiramın ifadəsidir.

Çıxışda qeyd olunub ki, Qərbi Azərbaycan əsrlər boyu azərbaycanlıların yaşadığı, yaratdığı və zəngin mədəni irs formalaşdırdığı qədim yurd yerlərindən biridir. Bu torpaqlarda xalqımızın maddi və mənəvi dəyərləri, folkloru, aşıq sənəti, memarlıq nümunələri və milli adət-ənənələri formalaşıb və inkişaf edib.

İcra başçısı vurğulayıb ki, bu gün belə tədbirlərin keçirilməsində əsas məqsəd keçmişi sadəcə xatırlamaq deyil, həm də onu yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır. Onun sözlərinə görə, tarixi yaddaşını qoruyan xalq öz kimliyini, milli dəyərlərini və mənəvi gücünü də qorumuş olur. Bu baxımdan Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsi və təbliği xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, festival çərçivəsində təqdim olunan folklor nümunələri, musiqilər, rəqslər, kitab sərgiləri və müxtəlif mədəniyyət guşələri Qərbi Azərbaycanın zəngin irsinin tanıdılmasına və yaşadılmasına xidmət edir.

Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin xalqın tarixi yaddaşının qorunmasına daim xüsusi önəm verdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dövləti milli maraqlarını qətiyyətlə müdafiə edərək daha da güclənir.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.