Görüşlər

Qərbi Azərbaycanın rayonları üzrə icmaların və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrin 2024-cü ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib
02 iyul 2024, 18:13

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycanın rayonları üzrə icmaların və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrin 2024-cü ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib.

İclasda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi ki, hazırda Qərbi Azərbaycanın bütün ərazilərini proposional şəkildə əhatə edən 21 yerli icma fəaliyyət göstərir, həmin rayonları təmsil edən nüfuzlu şəxslər icma sədri vəzifəsinə, ictimai əsaslarla 5 il müddətinə təyin olunublar.

Sədr vurğuladı ki, hesabat dövrü ərzində yerli icmalar məlumatlandırma və digər istiqamətdə verilən tapşırıqların öhdəsindən gəlib, ata-baba yurdlarımıza qayıdış ideyası uğrunda Qərbi Azərbaycan İcmasının ətrafında sıx birləşməyə və birgə çalışmağa davam ediblər.

Cari ilin altı ayı ərzində yerli icmalar və nümayəndələr tərəfindən bir çox işlər görülmüş, təşkilatlanma, strukturların formalaşdırılması, əhali qrupları ilə əlaqələrin yaradılması, onların arasında kommunikasiyanın gücləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində birlikdə, ardıcıl və məqsədyönlü şəkildə tədbirlər həyata keçirilmişdir. İcmanın üzvlüyünə qəbul olunmaq üçün 8000 nəfərin müraciəti araşdırılmış, 7000-dən çox insana artıq üzvlük vəsiqələrinin verilməsi başa çatdırılmışdır.

Sədr qeyd edib ki, təşkilatlanma məsələləri ilə yanaşı ən vacib məsələlərdən bir də 1987-1991-ci illərdə Ermənistan SSR-dən qovulmuş, geriyə qayıdış hüquqlarından məhrum edilmiş azərbaycanlı əhalinin siyahısının tərtib olunması, onların şəhərlər, rayonlar, qəsəbələr, kəndlər, ailələr üzrə təsnifatlaşdırılması işləri demək olar ki, tam başa çatdırılmışdır. Müəyyən olunmuşdur ki, deportasiya olunmuş 300 minədək əhali Azərbaycan Respublikasının 58 rayonunda məskunlaşmış, bir qismi isə xarici ölkələrə köç etmək məcburiyyətində qalmışlar. Azərbaycan Dövlət Pedaqoji Universitetində Keşkənd icmasının sədri, professor Mahirə xanım Hüseynovanın rəhbərliyi altında Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılmışdır.

Tədbirdə çıxış edən digər natiqlər də bildiriblər ki, yerli icmalar Qərbi Azərbaycan İcmasının aparatı tərəfindən təşkil olunan ümumi xarakterli tədbirlərdə fəal iştirak ediblər.

Bundan əlavə ayrı-ayrı icmaların rayonlar və kəndlər üzrə görüşləri keçirilmiş, bu görüşlərdə icmanın fəaliyyəti, görülən işlərin təhlili, qarşıda duran vəzifələrin müzakirəsi aparılmışdır.

Məlumat üçün bildirək ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin KİV-də və sosial mediada işıqlandırılması məqsədi ilə yerli icmaların sosial şəbəkə hesabları yaradılmış, seçilmiş nümayəndələr, ziyalılar, sadə vətəndaşlar Qərbi Azərbaycan həqiqətləri barədə məlumatların ictimaiyyətə çatdırılması işlərinə fəal şəkildə qoşulmuşlar.

İcma tərəfindən Qərbi Azərbaycan kökənli şəhidlər haqqında məlumatların toplanılması istiqamətində böyük işlər görülmüşdür. Qərbi Azərbaycan Şəhidləri kitabının birinci cildi hazırlanıb çap üçün mətbəəyə təqdim edilmişdir. Eyni zamanda Qarakilsə rayon icması tərəfindən “Qarakilsə şəhidləri”, Qafan rayon icması tərəfindən “Qafan şəhidləri”, Meğri rayon icması tərəfindən “Meğri şəhidləri”, Basarkeçər rayon icması tərəfindən “Basarkeçər alimləri”, “Basarkeçər rayonu ərazisində mikrotoponimlər”, “Basarkeçər şəhidləri” adlı kitablar çapa hazırlanır.

Qərbi Azərbaycanın ayrı-ayrı rayon və kənd icmalarının öz təşəbbüsləri ilə bir sıra görüşlər təşkil ediblər. Karvansaray, Çəmbərək rayonlarının birgə təşkil etdikləri icma üzvlərinin görüşü, Böyük Qarakilsə rayonunun Arçut kənd orta məktəbinin 100 illiyi, Çəmbərək rayonun Ağbulaq kənd orta məktəbinin 100 illiyi, Basarkeçər rayon Daşkənd icmasının toplantısını, Amasiya rayonunun Ellərkənd icmasının görüşünü və Qarakilsə rayonundan olan şəhidlərin anım tədbirini bu sırada qeyd etmək olar.

Ümumilikdə yerli icmalar tərəfindən cari ilin altı ayı ərzində 58 tədbir keçirilib. Onlardan 1-i foto sərgi (Qarakilsə rayonu, Dəstəgird kəndi), 11-i kitab təqdimatı, 12-i icma görüşü, 34-ü isə digər mövzulara həsr olunmuş tədbirlərdir.

Nümayəndələrimiz tərəfindən ümumilikdə 216 tədbir keçirilmişdir ki, bunlar da əsasən görüş, məlumatlandırma sessiyalarıdır.