09 aprel 2026, 00:03
8 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının təşəbbüsü və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi-siyasi mədəni irsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov məruzə ilə çıxış edərək mövzunun aktuallığını elmi arqumentlərlə əsaslandırıb, onun tarixi-siyasi mahiyyətini və milli maraqlar baxımından əhəmiyyətini geniş şəkildə təhlil edib.
Dəyirmi masa BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru Xalid Niyazovun moderatorluğu ilə davam edib. Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının sədri, İdarə Heyətinin üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev tarixi həqiqətləri elmi faktlar və arxiv materialları əsasında auditoriyaya təqdim edib.
Araşdırmaçı alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli, Keşkənd rayon icmasının sədr müavini Məhəmməd Rəsuloğlu, İstisu icmasının sədri, filoloq alim Alı Alıyev tədbirin gedişində Qərbi Azərbaycan torpaqlarının tarixən azərbaycanlıların məskunlaşdığı ərazilər olduğunu təsdiqləyən tarixi faktlar, mədəni irs nümunələri, toponimlər və digər hüquqi sənədlər barədə gənc tələbələrə ətraflı məlumat veriblər.
BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının baş müəllimi, Paşalı rayon Qadınlar Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Mehdiyeva, eləcə də həmin kafedranın baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Gülgün Quliyeva çıxışlarında mövzunun elmi və ictimai əhəmiyyətini vurğulayıb, xüsusilə gənclərin bu istiqamətdə maarifləndirilməsinin milli maraqların qorunması baxımından mühüm rol oynadığını qeyd ediblər.
Tədbirin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, iştirakçılar tərəfindən irəli sürülən fikir və təkliflər elmi-praktik müstəvidə dəyərləndirilib. Bu səpkili elmi və akademik araşdırmaların BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzində silsilə xarakterli davam etdirilməsi qərara alınıb.
Sonda tələbə-müəllim heyəti və qonaqlarla birgə xatirə şəkli çəkilib.

















