Xəbərlər

“Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası, ermənilərin törətdiyi vandalizm aktları, tarixi-mədəni abidələrin dağıdılması və Azərbaycan toponimlərinin dəyişdirilməsi” mövzusunda tədbir keçirilib
26 sentyabr 2025, 16:13

25 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının və Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası, ermənilərin törətdiyi vandalizm aktları, tarixi-mədəni abidələrin dağıdılması və Azərbaycan toponimlərinin dəyişdirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Günay Ağamalı, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Qərbi Azərbaycan İcmasının şöbə müdiri Faiq Kərimov, koordinatoru İman Məmmədov, Azərbaycanlıların və digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazisi Hacı Hüsnü Həsənov, Qərbi Azərbaycan İcmasının elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Şəmsi Qocayev, ziyalılar, ağsaqqallar və icma üzvləri iştirak edib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib

Tədbirdə çıxış edənlər bildiriblər ki, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası xalqımızın tarixində ən ağrılı səhifələrdən biridir. Qeyd olunub ki, soydaşlarımız əsrlər boyu yaşadıqları ata-baba yurdlarından zorla çıxarılmış, yüz minlərlə insan bir gecədə evsiz-eşiksiz qalmışdır. Deportasiyalar nəticəsində azərbaycanlıların maddi və mənəvi irsi məhv edilmiş, onların hüquqları kobud şəkildə tapdalanmışdır. Natiqlər diqqətə çatdırıblar ki, Ermənistan ərazisində mövcud olan yüzlərlə Azərbaycan tarixi və mədəni abidəsi dağıdılıb, məscidlər, qəbiristanlıqlar, karvansaralar yerlə-yeksan edilib. Bununla yanaşı, qədim yaşayış məskənlərinin adları dəyişdirilərək saxta toponimlərlə əvəz olunub, xalqımızın tarixi yaddaşı silinməyə cəhd göstərilib. Xüsusi olaraq vurğulanıb ki, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində deportasiya olunmuş Qərbi azərbaycanlıların taleyi daim diqqət mərkəzində saxlanılmış, onların hüquqlarının müdafiəsi üçün mühüm addımlar atılmışdır. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində tarixi ədalətin bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuş, soydaşlarımızın doğma torpaqlarına qayıdışı üçün real perspektivlər yaranmışdır. Çıxış edənlər əminliklə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı təmin olunacaqdır.

Sonra təşkilati məsələlər müzakirə olunub, Qərbi Azərbaycan İcması Salyan rayon nümayəndəliyinin idarə heyətinin tərkibi və şəhər, qəsəbə, kənd icma rəhbərləri təsdiq edilib. Sonda Qərbi Azərbaycan İcmasına yeni üzv olmuş bir qrup şəxsə vəsiqələr təqdim olunub.