23 fevral 2026, 20:09
22 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Azərbaycanın tanınmış qadın sahibkarları ilə görüş keçirilib.
Qonaqları nümayəndəliyin rəhbəri, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlı qarşılayıb. Görüşdə Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadə də iştirak edib.
İlham Qaraqurbanlı nümayəndəliyin əsas məqsədinin Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması, deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsinə dəstək və milli yaddaşın qorunaraq gələcək nəsillərə ötürülməsi olduğunu bildirib. Qeyd olunub ki, Quba rayonunda dörd mindən artıq Qərbi azərbaycanlı məskunlaşıb və onlarla mütəmadi görüşlər keçirilir.
Əlibala Məhərrəmzadə Quba nümayəndəliyinin yaradılması və fəaliyyət istiqamətləri barədə məlumat verərək, Qubanın tarixi, coğrafi mövqeyi və tolerant mühiti ilə seçildiyini vurğulayıb. Bildirib ki, nümayəndəlik soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görür.
Qadın sahibkarlar adından çıxış edən Səkinə Babayeva gələcək layihə və maarifləndirici tədbirlərdə fəal iştirak etməyə hazır olduqlarını qeyd edib, qarşılıqlı əməkdaşlıq və birgə təşəbbüslərlə bağlı təkliflər səsləndirib, həmçinin əməkdaşlıq memorandumu imzalanmasını təklif edib.


